Tarixdəki olaylar
16 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Osmanlı hökuməti arasında ilk ticarət sazişi bağlanıb. Saziş Azərbaycandan Türkiyəyə neft, pambıq, yun və digər məhsulların ixracını nəzərdə tuturdu. Sazişin ilkin məbləği 3 milyon türk lirəsi həcmində nəzərdə tutulmuşdu. Həmin dövrdə xüsusilə neft təchizatında ciddi problemlərlə üzləşən Osmanlı dövləti üçün bu saziş olduqca mühüm idi. Türkiyə tərəfi öz növbəsində Azərbaycana texniki avadanlıq və silah göndərirdi.
16 sentyabr 1989 – Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun ermənilər tərəfindən partladılması nəticəsində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb.
16 sentyabr 1992 – Prezident Əbülfəz Elçibəy “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” Fərman imzalayıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi; 1462 – 18.5.1525) anadan olub.
16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpya (Frans Eemil Sillanpaa; 1888 – 3.6.1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
16 sentyabr 1909 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934 – 11.1.1997) Bakıda anadan olub.
16 sentyabr 2000 – Əməkdar incəsənət xadimi, rejissor Nazim Hüseynqulu oğlu Abbasov (14.12.1938 – 2000) vəfat edib. Bədii (“Dvorjakın melodiyası”), sənədli və televiziya filmlərinin rejissoru olub.
16 sentyabr 2002 – Tanınmış aktyor Bahadur Atabala oğlu Əliyev (24.2.1933 – 2002) vəfat edib. “Ulduz”, “Böyük dayaq” və s. filmlərdə çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.
16 sentyabr 2016 – Məşhur türk kinoaktyoru, yazar Tarık Akan (Tarık Tahsin Üregül; 13.12.1949 – 2016) vəfat edib.
16 sentyabr 2021 – Əməkdar mədəniyyət işçisi, dirijor Nizami Tahir oğlu Məmmədov (21.9.1947 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan