Tarixdəki olaylar

 

15 sentyabr 1918 – Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələri – Qafqaz İslam Ordusu Bakı şəhərini “Sentrokaspi diktaturası” və daşnak tör-töküntülərindən təmizləyib. 1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulan eser-menşevik-daşnak (“Sentrokaspi”) hökumətinin nəzarətində idi. Qafqaz İslam Ordusunun Bakıya hücumu öncəsi ingilislər şəhəri tərk etmişdilər. Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu.

15 sentyabr 1918 – Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi mətbu orqanı – “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.

 

15 sentyabr 2004 – Azərbaycanda dərs ili ilk dəfə yeni tarixdə başlayıb. Ondan öncə dərs ili 1 sentyabrda başlayırdı. Prezident İlham Əliyevin müvafiq fərmanı (21 avqust 2004-cü il) ilə 15 sentyabr – “Bilik günü” elan edilib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 sentyabr 1789 – Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 – 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: “Casus”, “Dəniz qulduru”, “Losman”, “Sonuncu mogikan”, “Ləpirçi” və s.

 

15 sentyabr 1890 – İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 – 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm” və s.

 

15 sentyabr 1894 – Fransız kinorejissoru, “Oskar” laureatı Jan Renuar (Jean Renoir; 1894– 12.2.1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.

 

15 sentyabr 1905 – Azərbaycanda kukla teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905 – 22.10.1970) Bakıda anadan olub. “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib, Akademik Dram Teatrında çıxış edib.

 

15 sentyabr 1914 – Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 – 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.

 

15 sentyabr 1925 – Rus aktyoru, SSRİ Xalq artisti Kirill Yuryeviç Lavrov (1925 – 27.4.2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.

 

15 sentyabr 2006 – Görkəmli bəstəkar, Xalq artisti, professor Vasif Zülfüqar oğlu Adıgözəlov (28.7.1935 – 2006) vəfat edib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.

 

15 sentyabr 2007 – Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 – 2007) vəfat edib. “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

15 sentyabr 2021 – Əməkdar artist, tanınmış arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (13.6.1944 – 2021) vəfat edib.

 

15 sentyabr 2022 – Əməkdar mədəniyyət işçisi, musiqi təşkilatçısı İldırım Əli-Nazir oğlu Qasımov (7.12.1933 – 2022) vəfat edib.

 

15 sentyabr 2022 – Əməkdar elm xadimi, nizamişünas, tərcüməçi, mətnşünas, filologiya üzrə elmlər doktoru Xəlil Həmid oğlu Yusifli (17.7.1935 – 2022) vəfat edib.

 Hazırladı: Vüqar Orxan