Sentyabrın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində “Musiqidə yaşayan Üzeyir ömrü” adlı tədbir keçirilib.
Bakı şəhəri 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin Niyazinin mənzil-muzeyi ilə birgə təşkil etdiyi tədbir Milli Musiqi Gününə (18 sentyabr) və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.
Əvvəlcə Üzeyir Hacıbəylinin və maestro Niyazinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Bədii hissədə mərkəzin musiqi dərnəklərinin istedadlı və fəal uşaqları Üzeyir Hacıbəyli, Niyazi və Azərbaycanın digər tanınmış bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.
Sonda 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin direktoru Lalə Qəti və Niyazinin mənzil-muzeyinin müdiri Əməkdar mədəniyyət işçisi Rza Bayramov uşaqları maraqlı təqdimatla bağlı təbrik ediblər.
Qonaqlar muzeyin ekspozisiyası ilə də tanış olublar. Muzeyin nəşrləri mərkəzə hədiyyə edilib.