Tarixdəki olaylar

 

13 sentyabr 1826 – İkinci Rusiya-İran müharibəsinin (1826–1828) gedişinə əhəmiyyətli təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll edib. Bundan əvvəl (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə də ruslara məğlub olmuşdu. Ardınca Rusiya qoşunlarının Naxçıvan və İrəvan xanlıqları üzərinə hücumları başlanıb.

 

13 sentyabr 1997 – Prezident Heydər Əliyev Azərbaycan Respublikasında gənc istedadlar üçün xüsusi aylıq təqaüdün təsis edilməsi barədə fərman imzalayıb. Fərmanla Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” da təsis olunub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

13 sentyabr 1874 – Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg; 1874 – 13.7.1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.

 

13 sentyabr 1893 – Əməkdar artist, opera müğənnisi Əli Əbdül oğlu Zülalov (1893 – 18.2.1963) Şuşada anadan olub.

 

13 sentyabr 1894 – İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley; 1894 – 14.8.1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.

 

13 sentyabr 1905 – Fransız əsilli Amerika aktrisası, “Oskar” laureatı Klodet Kolber (Claudette Colbert – Lily Claudette Chauchoin; 1905 – 30.7.1996) anadan olub.

 

13 sentyabr 1924 – Fransa bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924  –28.3.2009) anadan olub. 100-dən çox filmə musiqi yazıb, 3 dəfə “Oskar” mükafatına layiq görülüb.

 

13 sentyabr 1933 – Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik, Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikov (1933 – 9.5.2019) Bakıda doğulub. “Məhəbbət əfsanəsi” baleti, “Dalğalar” operettası, “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, 8 simfoniya və s. əsərlərin müəllifidir. Filmlərə (“Sehrli xalat”, “Axırıncı aşırım”), tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru olub.

 

13 sentyabr 1969 – Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 – 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub.

 

13 sentyabr 2023 – Əməkdar mədəniyyət işçisi, tanınmış aşıq Abbas Musaxanoğlu (Güləliyev; 15.3.1954 – 2023) vəfat edib.

 

13 sentyabr 2024 – Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Rafiq Əli oğlu İbrahimov (2.11.1955 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan