“Biz Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir.
Əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu Təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.
“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 144-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı bu ilin aprelində Çinin Sinxua Agentliyinə müsahibəsində söyləyib.
Çoxcildliyin 144-cü kitabında toplanmış materiallar 2025-ci ilin aprel-may aylarını əhatə edir.
Yeni kitaba Prezident İlham Əliyevin 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə, “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya, habelə Macarıstana işgüzar səfərlərinə, Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakına dair materiallar daxil edilib. Çilddə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, həmin səfər zamanı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması, habelə imzalanmış digər sənədlər haqqında informasiyalar, dövlətimizin başçısının Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsinin mətni də yer alıb.
Oxucular bu kitabda Prezident İlham Əliyevin Azərbaycana səfərə gəlmiş Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşləri haqqında materiallarla, habelə “Vietnam News Agency” agentliyinə müsahibəsinin mətni ilə tanış ola bilərlər.
Dövlətimizin başçısı may ayında Qarabağ bölgəsinə səfər edib, Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışlarında, Şuşada inşa ediləcək 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib. Prezident, həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında, “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, bu rayonun Kəngərli kəndinin bərpasının birinci mərhələsinin açılış mərasimlərində iştirak edib, kəndə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib, Kəngərli kənd tam orta məktəb binasının açılışını edib, habelə Ağdam Muğam Mərkəzinin açılış mərasimində çıxış edib. Bütün bunlarla yeni kitabda tanış olmaq mümkündür.
144-cü cilddə Prezidentin Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanışlığı haqqında materiallar da verilib.
Kitabda Azərbaycan Prezidentinin Qlobal Cənub QHT Platformasının təsis konfransının, XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının, “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının, “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətlərinin mətnləri də toplanıb.
***
“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq”.
Dövlətimizin başçısının bu ilin mayın 28-də Laçında keçirilmiş Azərbaycan-Türkiyə-Pakistan zirvə görüşündə söyləydiyi bu sözlər isə “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 145-ci kitabında yer alıb.
Çoxcildliyin 145-ci kitabında toplanmış materiallar 2025-ci ilin may-iyun aylarını əhatə edir.
Cilddə 28 May – Müstəqillik Günü münasibətilə müxtəlif dövlət və hökumət başçılarının Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubları da yer alıb.
Oxucular bu kitabda Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyəti ilə görüşünə dair informasiya ilə tanış ola bilərlər.
Prezident may ayında İsmayıllı rayonuna səfər edib, “Talıstan” liseyinin binasının, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin yeni istehsal müəssisəsinin açılışlarında iştirak edib. Dövlətimizin başçısı, həmçinin Laçına səfər edib, istehsal və digər müəssisələrin açılışlarında iştirak edib, Laçın kanat yolunun təməlini qoyub, rayonun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Prezident Laçın Beynəlxalq Hava Limanının da açılış mərasimində iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olub. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda verilib.
145-ci cildə Azərbaycan Prezidentinin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakına dair materiallar da daxil edilib.
Dövlətimizin başçısının “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın, Bakı Enerji Həftəsinin iştirakçılarına müraciətlərinin mətnləri də bu nəşrdə toplanıb.
Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.
Nəşrin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunur.