“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda yeni musiqi əsərini – “Zəngəzur mahnısı”nı ictimaiyyətə təqdim edib.

Təqdimat Bakıdakı Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilib.

Mahnının ideya müəllifi, tanınmış vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, “Zəngəzur mahnısı” sadəcə bir musiqi əsəri deyil, həm də mədəni və ictimai-siyasi əhəmiyyət daşıyır. O vurğulayıb ki, mahnının klipi Laçın, Zəngilan və Qubadlıda çəkilib və əzəli, əbədi torpaqlarımızın füsunkarlığını, gözəlliyini bir daha izləyiciyə təqdim edir.

"Əminəm ki, “Zəngəzur mahnısı” bizi Zəngəzura aparan bir yol kimi qəbul olunacaq və musiqisevərlər tərəfindən sevilən, dillər əzbərinə çevrilən bir əsər olacaq", - deyə R.Qasımov vurğulayıb.

Qərbi Azərbaycana qayıdış kimi ülvi arzunu tərənnüm edən əsər “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin ilk işidir. Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.

Təqdimatda çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib: "Hər birimiz Vətənin çiçəklənməsi üçün öz missiyamızla, öz yerimizdə müəyyən fədakarlıqlar edirik. Lakin ən böyük fədakarlar, heç şübhəsiz, canını bu torpaqlar üçün fəda edənlərdir. Şəhidlərimiz bu günümüzü bizə bəxş edən, bu torpaqların bütövlüyünü təmin edən əsl qəhrəmanlardır",

O bildirib ki, agentlik bu kimi layihələrin ərsəyə gəlməsinə maliyyə dəstəyi göstərməyə, mədəniyyətimizin inkişafına və vətənpərvərlik ruhunun möhkəmlənməsinə töhfələr verməyə daim hazırdır.

Musiqi əsəri üzərində peşəkar komanda çalışıb.

“Zəngəzur mahnısı”nın sözlərini nəğməkar şair, bəstəkar Şahin Musaoğlu yazıb. O, jurnalistlərə açıqlamasında qeyd edib ki, layihə ilə bağlı edilən təklifi böyük məmnuniyyətlə qəbul edib: "Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında mühüm rol oynayacaq”.

Musiqi müəllifi tanınmış bəstəkar, Əməkdar artist Vüqar Camalzadədir.

Mahnını Xalq artistləri Mübariz Tağıyev, Tunzala Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Etibar Hüseynov və İlkin Əhmədov ifa ediblər. Layihə üzərində həmçinin Fəqan Əhmədov, Faiq Babayev, Riad Quliyev, Fərqanə Cabbarova çalışıblar. 

“Zəngəzur mahnısı” mədəni-tarixi irsimizin təbliği, milli yaddaşın gücləndirilməsi və Azərbaycanın qarşıdakı milli hədəfinin incə, estetik dildə ifadəsidir.