Tarixdəki olaylar
12 sentyabr 1723 – Çar Rusiyası ilə Səfəvi dövləti arasında Peterburq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Xəzəryanı əraziləri (Dərbənddən Ənzəliyədək) Rusiyanın nəzarətinə verilib. Həmin dövrdə Osmanlı ilə müharibə aparan Səfəvi dövləti üçün bu saziş taktiki səciyyə daşıyırdı. Lakin Rusiya ona umduğu dəstəyi vermədi, əksinə, 1724-cü ildə Osmanlı ilə də müqavilə bağladı. Səfəvi dövləti Rusiyanın nəzarətinə verdiyi torpaqları 1732–1735-ci illərdə geri qaytara bildi.
12 sentyabr 1801 – Çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalayıb. Manifestlə Azərbaycanın tarixi torpaqları olan Şəmsəddil, Borçalı əraziləri də Rusiyanın tərkibinə qatılıb.
12 sentyabr 1980 – Türkiyədə dövlət çevrilişi olub, general Kənan Evrenin başçılıq etdiyi hərbçilər hakimiyyəti ələ alıblar. Dövlət çevrilişinin səbəbləri sosial-iqtisadi böhran, siyasi qüvvələrin, xüsusilə də sol-sağ qarşıdurmasının ölkəni vətəndaş müharibəsinə sürükləməsi idi. Çevrilişdən sonra ölkədə bütün partiyaların, müstəqil medianın fəaliyyəti dayandırılıb. 1982-ci ildə referendum yolu ilə ölkənin yeni Ana Yasası qəbul edildi, Kənan Evren prezident seçildi. Nyu-Yorkda Dünya Bankında çalışan Turqut Özal isə baş nazir vəzifəsinə dəvət olundu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 sentyabr 1887 – Görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli (1887 – 3.1.1943) Şuşada doğulub. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda səfiri olub, sonra mühacirətdə yaşayıb, 1926-cı ildə Azərbaycana qayıdıb. 1940-cı ildə həbs olunub, Rusiyanın Nijni Novqorod vilayətində həbs düşərgəsində vəfat edib. “İki od arasında” (“Qan içində”) tarixi romanının, “Qızlar bulağı”, “Bir cavanın dəftəri” və s. əsərlərin müəllifidir.
12 sentyabr 1921 – Polyak satirik yazıçısı Stanislav Lem (Stanislaw Lem; 1921 – 27.3.2006) anadan olub. Əsərləri: “Solyaris”, “Səmanın səsi”, “Yerdə sülh”, “Aldebarandan müdaxilə” və s.
12 sentyabr 1921 – Şair, dramaturq Novruz Gəncəli (Novruz İsmayıl oğlu Sadıqov; 1921 – 19.10.1995) anadan olub. C.Bаyronun şeirlərini, B.Brехtin “Kurаj аnа və onun uşаqlаrı” pyesini Azərbaycan dilinə çevirib.
12 sentyabr 1960 – Əməkdar artist Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (13.4.1909 – 1960) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.
12 sentyabr 2001 – Yazıçı, tərcüməçi Manaf Fərəc oğlu Süleymanov (3.3.1912 – 2001) vəfat edib. Köhnə Bakı haqqında “Eşitdiklərim, oxuduqlarım və gördüklərim” adlı tarixi-ensiklopedik kitabın, “Dalğalar qoynunda”, “Fırtına”, “Zirvələr”, “Yerin sirri” və s. romanların müəllifidir.
12 sentyabr 2004 – Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 2.10.1923 – 2004) vəfat edib. C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, H.Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
Hazırladı: Vüqar Orxan