Azərbaycan Milli Kitabxanası və Mərakeş Milli Kitabxanasının birgə təşəbbüsü ilə sentyabrın 11-də onlayn görüş təşkil olunub.

Bu barədə Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Onlayn görüşdə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova, kitabxananın əməkdaşları, Mərakeş Milli Kitabxanasının şöbə müdiri Tilila Baida, Mərakeşin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Fatinə El Fakih iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr tarixlərində keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisində qarşı tərəfin iştirakı, Azərbaycan Milli Kitabxanasında Mərakeş ədəbiyyatı guşəsinin açılışı, qarşılıqlı əməkdaşlığa dair mövcud memorandumun yenilənməsi məsələləri müzakirə edilib. 

Qeyd edək ki, bu barədə ötən həftə Rabatda Mərakeş Milli Kitabxanasının direktoru xanım Samira əl-Malizi ilə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədovun görüşündə də danışılıb. Direktor sərgiyə dəvətə görə minnətdarlığını bildirib, ölkəsi ilə bağlı nəşrlərin Azərbaycan Milli Kitabxanasına hədiyyə ediləcəyini deyib.