Sentyabrın 11-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin (13.5.1943 – 3.8.2025) Fəxri xiyabanda məzarı ziyarət olunub.

Mədəniyyət naziri Adil Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, diplomatlar, elmi və yaradıcılıq təşkilatlarının rəhbərləri, ədəbiyyat və mədəniyyət xadimləri ədibin məzarı üzərinə əklil və tər çiçəklər düzüblər.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Elçinin müasir Azərbaycan ədəbi-mədəni fikrinin inkişafındakı mühüm xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli ədib hələ sovet dövrü yaradıcılığında milli tarixi yaddaşın bərpası məsələlərini diqqətdə saxlayıb. Bildirilib ki, yazıçı-dramaturq kimi bir-birindən maraqlı, əhəmiyyətli əsərləri ilə ədəbiyyatınızın inkişafına töhfələr verən Elçin eyni zamanda Azərbaycan ədəbi tənqidində də silinməz iz qoyub. İsa Həbibbəyli yazıçını özünün teatrını yaradan azsaylı ədiblərimizdən biri kimi xarakterizə edib.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov, Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək Elçinin ədəbi-tənqidi görüşləri, teatr sevgisi və ictimai-siyasi xadim kimi fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva atasının xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Çıxışlardan sonra ədibin ruhuna “Qurani-Kərim”dən ayə oxunub.