Pakistanın Lahor Universitetinin professoru, şərqşünas alim, fars ədəbiyyatı üzrə elmlər doktoru Arif Nouşahi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Bu barədə Əlyazmalar İnstitutundan bildirilib.

Qonağa institutun tarixi, beynəlxalq əlaqələri, aparılan tədqiqat işləri, burada mühafizə olunan əlyazmalar, o cümlədən UNESCO-nun “Dünya Yaddaşı” reyestrinə daxil edilən 5 unikal əlyazma barədə ətraflı məlumat verilib.

A.Nouşahi müəllifi olduğu farsdilli əlyazma əsərlərinin kataloqlarından bir neçəsini və “İbn Sina: həyatı və əsərləri haqqında qısa tədqiqat” kitabını institutun direktoru akademik Teymur Kərimliyə təqdim edib.

Akademik T.Kərimli qonağa “Azərbaycan multidisiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə versiyasını hədiyyə edib.

Pakistanlı alim institutun ekspozisiya zalı, burada sərgilənən nadir əlyazma nümunələri, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və Hacı Zeynalabdin Tağıyev guşələri, elmi-tədqiqat müəssisəsinin fondları ilə tanış olub.

Sonda qonaq Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıb.