5–9 sentyabr tarixlərində Tatarıstanın (RF) Kazan şəhərində keçirilən 21-ci "Qızıl minbər" Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunub.
Kinotənqidçi, ssenarist, rejissor, Azərbaycan Kinotənqidçilər və Kinoşünaslar Gildiyasının sədr müavini Hacı Səfərov “Tərsinə kölgələr” adlı debüt qısametrajlı filmi ilə festivalın “Qısametrajlı filmlər” bölməsində iştirak edib.
“Çinarfilm” şirkətinin istehsalı olan ekran işi yazıçı Rahim Dünyamalının (1948–1995) “Tərsinə addımlayan kölgələr” romanının motivləri əsasında çəkilib, ssenari müəllifi Hacı Səfərovdur.
Uzun ayrılıqdan sonra özlərini bir mağarada təcrid edib illərin hesablaşmasını aparan kişi və qadının münasibətindən bəhs edən filmdə rolları Rasim Cəfər və Zülfiyyə Nəzər Məmmədova ifa edirlər.
Film Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Ultra production” və “Duyme Agency”nin dəstəyi ilə ərsəyə gəlib, prodüserləri Emin Nəcəf, Türkan Hüseyn və Hacı Səfərov, operatoru Elvin Məmməddir.
Onu da qeyd edək ki, “Tərsinə kölgələr” Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biridir.