82-ci Venesiya Beynəlxalq Film Festivalının “Müsabiqədənkənar bədii filmlər” (Out of Competition Fiction) bölməsində tanınmış azərbaycanlı rejissor Hilal Baydarovun “Boşluğa xütbə” (Sermon to the Void) filminin təqdimatı olub.
Mədəniyyət Nazirliyi və nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 5-də nümayiş olunan ekran əsəri mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Filmin nümayişindən sonra mətbuat konfransı keçirilib, Azərbaycan mədəniyyətindən və kino sənətindən söz açılıb. Hilal Baydarovun “Xütbə” trilogiyasının sonuncu filmi olan “Boşluğa xütbə”nin ideya-estetik məziyyətləri yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Azərbaycan ədəbiyyatının, xalqımızın təfəkkür tərzinin, folklorunun dünyada təqdimatı baxımından film böyük əhəmiyyət kəsb edir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığı üzərində qurulan filmdə sevgililərin dirilik suyunu axtarması, əslində, insanın daxilindəki məni axtarması kimi mənalandırılır.
Filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcan, prodüseri Orxan Fikrətoğludur. Azərbaycan, Meksika və Türkiyə kinematoqrafçılarının ortaq işi olan filmdə əsas rolları Hüseyn Nəsirov, Məryəm Nağıyeva, Rəna Əsgərova, Elşən Abbasov, Orxan İsgəndərli oynayırlar.
Qeyd edək ki, bu, Hilal Baydarovun Venesiya festivalında təqdim olunan ikinci ekran işidir. 2020-ci ildə onun “Səpələnmiş ölümlər arasında” (“İn Between Dying”) filmi 77-ci Venesiya festivalının əsas müsabiqə proqramında nümayiş olunmuşdu.
Onu da əlavə edək ki, Azərbaycan kinosu Venesiya festivalında ilk dəfə 2014-cü ildə təmsil olunub. Həmin il rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi 71-ci festivalın “Üfüqlər” (Orizzonti) proqramında göstərilib.