İtaliyanın Kassini şəhərində “SEN1SEN” mərkəzinin təşkil etdiyi "Azərbaycan mədəniyyəti həftəsi" çərçivəsində “Palazzo Mandrilli” qalereyasında azərbaycanlı fotoqraf Aydın Mehdiyevin “Həyatın rəngləri” adlı sərgisi keçirilib.
50-dən çox fotoşəklin yer aldığı sərgi Azərbaycanın təbii gözəlliyini bütün rəngarəngliyi ilə təcəssüm etdirir. Aydın Mehdiyev kompozisiyaları canlı orqanizm təəssüratı yaradır. Bəzi fotolar yüksək rəng kəskinliyinə malik dekorativ panno təsəvvürü yaradır.
Aydın Mehdiyev texnika elmləri doktoru, gömrük xidməti polkovniki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika kafedrasının professorudur. 2025-ci ilin aprel ayında Beynəlxalq İncəsənət Fotoqrafları Assosiasiyası (IAAP) tərəfindən “Titan” adına layiq görülüb.
Fotoqraf səgiyə böyük marağın onda məmnunluq doğurduğunu bildirib: “Ziyarətçilər arasında təkcə italyanlar deyil, İtaliyada yaşayan digər millətlərin nümayəndələri olub. Açılışda Kassini şəhərinin meri də iştirak edib. UNESCO nümayəndələri də var idi. Onlar bəzi layihələr üzrə gələcək əməkdaşlığa maraq göstərirlər. Bu sərgi ilə göstərməyə çalışdım ki, Azərbaycan heç bir sahədə, xüsusən mədəniyyət sektorunda Avropa ölkələrindən geridə qalmır. Biz əməkdaşlığa da açığıq. Bu hər kəs üçün faydalı olardı”.