“Tağıyev. Neft” filmi Azərbaycandan “Oskar” mükafatına namizəd göstərilib. Ekran əsəri “Ən yaxşı xarici bədii film” kateqoriyasında Amerika Kino Akademiyasının 98-ci “Oskar” mükafatı yarışmasına təqdim olunub.

Bunu “Oskar” mükafatı üçün "Azərbaycan Film Seçimi Komitəsi"nin sədri kinorejissor Şamil Əliyev bildirib. O qeyd edib ki, kateqoriya üzrə uzun siyahı oktyabr, qısa siyahı dekabrda, əsas nominasiyalar isə 2026-cı ilin yanvarında elan olunacaq. 

“Tağıyev. Neft” filmi Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Bu, məşhiur neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838–1924) həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi hadisələrə də toxunulur. Azərbaycan tarixinin bu mərhələsinin tanıdılması və milli dəyərlərimizin təbliğinə əhəmiyyətli töhfə olan film vasitəsilə Tağıyevin müsəlman Şərqində qızların təhsili üçün ilk dəfə xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olması kimi diqqətəlayiq məsələlər diqqət mərkəzinə gətirilir.

Filmin çəkilişləri miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində təxminən 2500 nəfər iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. 

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, geniş peşəkar aktyor heyəti filmdə rol alıb.