“Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Qafar Cəbiyevin 75 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

AMEA-dan bildirilib ki, tədbir AMEA-nın Rəyasət Heyəti, Arxeologiya və Antropologiya İnstitutu, Ağsu Rayon İcra Hakimiyyəti və “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə konfrans iştirakçıları rayonun mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Konfransın açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor Qafar Cəbiyevin ömrünün böyük bir hissəsini Azərbaycan tarixinin, xüsusilə də orta əsrlər arxeologiyasının araşdırılmasına həsr etdiyini söyləyib. Vurğulayıb ki, alimin ən böyük xidmətlərindən biri Girdiman tarixi ilə bağlı apardığı tədqiqatlardır. Bu mövzu üzərində illərlə araşdırma aparan Qafar Cəbiyev qədim Girdiman dövlətinin siyasi, iqtisadi və mədəni həyatı haqqında monoqrafiyalar ərsəyə gətirib. Bu tədqiqatlar sayəsində Azərbaycanın erkən orta əsrlər tarixi haqqında daha dolğun təsəvvür formalaşıb.

Ağsu rayonu ərazisində, eləcə də Qəbələ, Şamaxı, İsmayıllı rayonlarında alimin apardığı tədqiqatları xüsusi qeyd edən akademik İsa Həbibbəyli söyləyib ki, Qafar Cəbiyev həm də Basqal arxeoloji ekspedisiyasının rəhbəri kimi ölkəmizin maddi-mədəni irsinin qorunmasına mühüm töhfələr verib. Basqalda aparılan qazıntılar nəticəsində əldə edilən tapıntılar Azərbaycan arxeologiyasına yeni elmi materiallar qazandırıb, həmçinin milli irsimizin dünya ictimaiyyətinə təqdimatına imkan yaradıb.

AMEA prezidenti əlavə edib ki, Qafar Cəbiyevin əsərləri və elmi fəaliyyəti təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də tanınır. Onun məqalələri müxtəlif ölkələrin elmi nəşrlərində dərc olunub, konfranslarda təqdim edilib. Alim dəfələrlə beynəlxalq tədbirlərdə Azərbaycanın qədim tarixini və arxeoloji tapıntılarını təqdim edib.

Qeyd olunub ki, Qafar Cəbiyev elmi fəaliyyətində olduğu kimi, pedaqoji işində də seçilib. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın müxtəlif bölgələrində tarixçi və arxeoloq kimi fəaliyyət göstərirlər.

Akademik İsa Həbibbəyli yubilyara AMEA-nın fəxri fərmanını təqdim edib.

Ağsu rayonun icra başçısı Rövşən Bağırov çıxışında bildirib ki, professor Qafar Cəbiyevin arxeologiya sahəsindəki elmi araşdırmaları Azərbaycan elm tarixinin parlaq səhifələrini təşkil edir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi professor Səbinə Hacıyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova, millət vəkili Elçin Mirzəbəyli,  Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev, professorlar Abbas Seyidov, Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli çıxış edərək Qafar Cəbiyevin elmi fəaliyyəti haqqında söz açıblar.

Yubilyar özü də çıxış edərək keçdiyi həyat yolundan söz açıb.

Alimin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.