Azərbaycan təsviri sənət tarixində adı hörmətlə anılan simalardan biri də Xalq rəssamı, ictimai xadim İsmayıl Axundovdur. 15 aprel 1907-ci ildə Bakının Maştağa kəndində dünyaya göz açan rəssamın çox zəngin yaradıcılıq tərcümeyi-halı var. O, sənətə gəlişi haqqında belə qeyd edib: “Mənim incəsənət aləminə gəlməyimə əsas səbəbkar Mirzə Cəlil olmuşdur. Bizim ailəmiz Mirzə Cəlilə və “Molla Nəsrəddin” jurnalına böyük rəğbət bəsləyirdi. Atam axund olmasına baxmayaraq açıqfikirli bir şəxs idi. Elmə, mədəniyyətə yüksək qiymət verirdi”.
İsmayıl Axundov Moskva Poliqrafiya İnstitutunda təhsil aldığı zaman Cəlil Məmmədquluzadənin təklifi ilə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdi. “Molla Nəsrəddin”in 1928-ci il nəşri üçün yeni üz qabığı rəsminin yaradılması ona tapşırılır və bu iş rəssamın jurnalla əməkdaşlığının təməlini qoyur. Moskvada təhsilini başa vurub qayıtdıqdan sonra o, 1932-37-ci illər ərzində “Azərnəşr”də rəssam və qrafika şöbəsinin müdiri vəzifəsində çalışır. Bu müddətdə Mirzə Ələkbər Sabirin “Hophopnamə”si üçün satirik illüstrasiyalar yaradır. Şairin söz atəşinə tutduğu dırnaqarası qəhrəmanları satirik tərzdə təsvir edərək “Molla Nəsrəddin” jurnalının bədii ənənələrini davam etdirir.
Onu da qeyd edək ki İ.Axundov həm də 1940-cı ildə yenicə yaradılmış Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru və baş rəssamı vəzifəsində çalışıb. II Dünya müharibəsi illərində 100-dən çox təbliğat materialı və plakatlar hazırlayan sənətkar müharibənin sonunda Cənubi azərbaycanlılara üçün ünvanlanan ərəb qrafikası ilə Azərbaycan dilində nəşr olunan “Sovet Azərbaycanı” jurnalının baş rəssamı olub.
***
İ.Axundovun yaradıcılıq yolunda teatr rəssamlığı xüsusi yer tutur. O, ilk dəfə görkəmli rejissor və aktyor Adil İsgəndərov tərəfindən teatra dəvət olunur. Azərbaycan Dövlət Dram Teatrında A.İsgəndərovun quruluş verdiyi Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasında geyim eskizləri çəkir. Daha sonra bu teatrda M. F.Axundzadənin “Hacı Qara”, Ə.Haqverdiyevin “Pəri cadu”, C.Məcnunbəyovun “Yanar dərə”, S.Vurğunun “Vaqif”, C.Cabbarlının “1905-ci ildə”, N.Vəzirovun “Hacı Qəmbər” pyeslərinin tamaşalarında geyim rəssamı kimi öz sənətkarlığını nümayiş etdirir. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı “Müsyö Jordan və dərviş Məstəli Şah” (M.F.Axundzadə) tamaşasında isə o artıq tərtibatçı rəssam kimi ilk addımını atır. İ.Axundov akademik teatrda çalışdığı müddətdə O.Balzakın “Ögey ana”, M.Hüseynin “Şöhrət”, C.Məmmədquluzadənin “Ölülər”, A.Ostrovskinin “Tufan”, M.S.Ordubadinin “Dumanlı Təbriz”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, S.Rəhmanın “Aydınlıq”, C.Cabbarlının “Solğun çiçəklər”, H.Cavidin “Şeyx Sənan” və s. əsərlərin tamaşalarına monumental-romantik və realist səpkidə səhnə tərtibatları verir.
Rəssam A.Ostrovskinin “Günahsız müqəssirlər” pyesinin tamaşası üzərində işləyərkən səhnədə Rusiyanın əyalət şəhərinin mənzərəsini olduqca maraqlı təsvir edir. Yerli koloritə uyğun geyimlər bədii tərtibatın ümumi ansamblı ilə gözəl harmoniya yaradır.
***
İ.Axundov sənət dostu Xalq rəssamı Nüsrət Fətullayevlə birgə uğurlu yaradıcılıq işlərinə imza atıblar. Nümunə olaraq M.F.Axundzadənin “Hacı Qara” komediyası əsasında hazırlanan tamaşanı deyə bilərik. Əsasən əyləncəli planda şərh edilən komediyaya satirik çalar verilməsi onun ictimai məzmunun açılmasında mühüm rol oynayıb. Xalq ruhuna dərindən bələd olmaları, Azərbaycan ictimaiyyətinin mühafizəkar təbəqəsinin psixologiyasını bilmələri, qədim abidələri və xalq tətbiqi sənəti ilə bağlı məlumatları dəqiq öyrənmələri İ.Axundov və N.Fətullayevə ifadəli səhnə dekorasiyası yaratmağa kömək edib.
1956-cı ildə Akademik Dram Teatrında səhnəyə qoyulan H.Cavidin “Şeyx Sənan” tamaşasının da tərtibatçı rəssamları da İ.Axundov və N.Fətullayev olub. Tamaşanın tərtibatı əsərin romantik ruhu və müəllifin ümumi yaradıcılıq üslubu ilə harmoniya təşkil edib. Məlum olduğu kimi, rejissor pyesin ideyasını daha çox reallığa doğru yönəltməyə çalışaraq bəzi səhnələri ixtisara salmışdı. Şeyx Sənanın gözünə görünmə səhnəsini mistika hesab etdikləri üçün onun yuxusunu Şeyx Kəbirə danışması və Şeyx Kəbirin yuxunu yozması epizodlarını tamamilə ixtisar etmişdilər. Bu səbəbdən də Sənanın pəjmürdə halının səbəbi aydın olmamışdı.
Ədəbi tənqidçi Abbas Zamanovun qeydlərinə görə, tərtibatçı rəssam N.Fətullayev və İ.Axundov tamaşaya yüksək zövqlə tərtibat verib və bu səbəbdən də səhnə daha baxımlı təsir bağışlayıb. Rəssamların yaradıcılığına məxsus olan milliliyin, tarixliyinin və s. hiss olunması əlbəttə ki “Şeyx Sənan” tamaşasında da özünü büruzə verir. Bu tamaşa üçün təsvir olunmuş eskizlərdə Şərq memarlığı və mühiti, Qədim Tiflis şəhərinin real görünüşü tam dolğunluğu ilə göz önündə canlanır.
Tamaşanın dekorasiyalarının birində Ərəbistanda cərəyan edən hadisələrin mühiti təqdim olunur. Səhnənin kənar hissələri şəbəkələrlə əhatə olunub və yan tərəflərdə qarşıda sütunlar üzərində ərəb əlifbası ilə “Allah” və “Mühəmməd” sözləri yazılıb. Dekorasiyaya bu cür yanaşmaqla rəssam-dekoratorlar İslam-Şərq mühitinin əhval-ruhiyyəsini dolğun yaratmağa nail olublar. Mərkəzdə qalereyanın qarşısında təbiət mənzərəsi və məscid də təsvir olunub. Rəssamlar burada əsasən açıq ahəngli koloritdən istifadə ediblər. Sarı rəngin çoxluğu əsərin ideyasına uyğun hicran-ayrılıq mənasını daşımaqla yanaşı, həm də Ərəbistan səhralarına işarə edən rəmzi mənanı bildirir. Dekorasiyada həmçinin yaşıl rəngin istifadəsi İslamın simvolik mənası hesab edilə bilər. Ümumilikdə lirik əhval-ruhiyyəyə malik olan tamaşanın ideyası poetik görünüşlü dekorasiya ilə vəhdət təşkil edir.
H.Cavidin “Səyavuş” pyesi əsasında hazırlanan tamaşaya da İ.Axundov və N.Fətullayev bədii tərtibat verib. Tamaşanın dekorasiyalarında rəssamların yaradıcılığına xas olan realistik cizgilərlə simvolik elementlər vəhdət təşkil edib. Rəssamların birgə fəaliyyəti nəticəsində yaranan eskizlər tamaşanın müxtəlif aktlarını əks etdirir. Tamaşanın proloqu üçün hazırlanmış təsvirdə fon üzərində arxada kənd mühiti və ön planda uçulub yarımçıq qalmış qəsrin üstündə bir növ ildırımı xatırladan ağac əks olunub. Qəsrin üzərində və qarşıda verilən sütunun yuxarı hissəsində fantastik heyvan təsvirləri əks etdirilib.Formaca ildırıma bənzər qurumuş ağac qalığının görünüşü tamaşada baş verəcək faciəyə işarədir...
Teatr rəssamlığına müəyyən yeniliklər gətirmiş İ.Axundov eyni zamanda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (indiki Akademik Musiqili Teatr) səhnələşdirilmiş Üzeyir bəy Hacıbəylinin “Məşədi İbad”, Səid Rüstəmovun “Durna”, Fikrət Əmirovun “Gözün aydın”, Nəriman Məmmədov və Tofiq Bakıxanovun “Məmmədəli kurorta gedir” operettalarına da əlvan tərtibatlar verib. Onun səhnə tərtibatları tamaşaların daha baxımlı, daha təsirli olmasına zəmin yaradıb.
İ.Axundov kino sahəsində də uğurlu fəaliyyət göstərib, “Səbuhi” (1941), “Arşın mal alan” (1945) və s. filmlərin geyim rəssamı olub.
***
Rəssamın 60-cı illərdə yaratdığı akvarel əsərlər səlis işlənilmə, professional perspektiv və kolorit həlli ilə diqqəti cəlb edir. Sadalanan xüsusiyyətləri rəssamın “Atabəy məqbərəsi”, “Şirvanşahlar sarayında məscidin portalı”, “Divanxana”, “Şirvanşahlar sarayı”, “Qrafik rəsm”, “Mənzərə” və s. akvarel əsərlərinə aid etmək olar.
İ.Axundovun Azərbaycan təsviri sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib. 1940-cı ildə “Əməkdar incəsənət xadimi”, 1960-cı ildə “Xalq rəssamı” fəxri adlarına, 1949-cu ildə isə Dövlət mükafatına layiq görülüb.
Bir neçə il Azərbaycan Rəssamlıq Məktəbinin direktoru, Azərbaycan Rəssamlar İttifaqının sədri və məsul katibi vəzifələrində çalışan sənətkar Bakı Şəhər Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı kimi də fəaliyyət göstərib.
İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Polşanın Krakov şəhərində dünyasını dəyişib. 62 illik ömrünə maraqlı, mənalı sənət yadigarları sığdıran rəssam müasirlərinin və həmkarlarının dərin rəğbətini qazanıb.
Aynurə Muradzadə