Xətai Sənət Mərkəzində “Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et”! şüarı altında keçirilən və böyüməkdə olan nəsli təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədi daşıyan “Qış nağılı” adlı yaradıcılıq sərgiləri açılıb.
Layihədə 8 yaşdan 21 yaşadək müəlliflər (uşaq, yeniyetmə və gənclər) iştirak ediblər.
Xətai Sənət Mərkəzindən bildirilib ki, sərgilərə tövsiyə olunan mövzularda ümumilikdə 1500-dən çox qış təsvirli peyzajlar təqdim edilib.
Yaradıcılıq sərgisinə rəsm əsərlərinin qəbulu fevralın 20-dək həyata keçirilib. Sərgiyə Estoniyadan da bir qrup məktəblisi əsər təqdim edib.
Yekun sərgilər müvafiq qruplar üzrə 3 mart, 4 mart və 5 mart tarixlərində açılıb və ümumilikdə 100 əl işi sərgilənib.
Sərgilərdən seçilən 34 əsərin müəllifinə hədiyyə və sertifikat təqdim olunub. Həmin əl işləri sərgilənmək üçün Xətai Uşaq Sənəti Qalereyasının kolleksiyasına daxil edilib.
Qeyd edək ki, tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi layihəyə dəstək verib.
Layihənin media dəstəkçiləri arasında "Mədəniyyət" qəzeti (medeniyyet.info.az saytı) də var.























