
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Ənənəvi musiqi bayramı bu il dahi bəstəkar, Şərqdə ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin (1885–1948) 140 illik yubileyi ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə böyük musiqi xadiminin yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Builki festival unudulmaz bəstəkarın yubileyinə qiymətli töhfə olacaq.
Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verəcəyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri bir araya gətirəcək.
İlk dəfə olaraq ölkəmizin yeddi şəhərində (Bakı, Sumqayıt, Gəncə, Şuşa, Naxçıvan, Ağcabədi, Qazax) gerçəkləşəcək festival çərçivəsində konsertlər, tamaşalar, sərgilər, elmi simpozium və ustad dərsləri təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan klassik musiqisinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan beynəlxalq festivalın əsası 2009-cu ildə qoyulub.