Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Qərb Regional Mərkəzi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin təşkilatçılığı ilə “Tarix və mədəniyyət abidələrinin qorunması” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev şəhərin tarixinə və mədəniyyətinə aid abidələrin qorunmasının elmi təminatı, onların qeydiyyatının, muzeylərdə olan eksponat və fondların dəqiqləşdirilməsinin vacibliyi barədə danışıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında şəhərin mədəni irsinin qorunmasının vəziyyəti barədə məlumat verib, tarix və mədəniyyət abidələrinin qorunması və bərpasının dövlət siyasətinin tərkib hissəsi olduğuna diqqət çəkib.
Tədbirdə “Nizami Gəncəvinin məqbərəsinin qorunması və irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, “Bəşər sivilizasiyasının Qarabağda erməni vandalizminə məruz qalmış tarix və mədəniyyət abidələri”, “Tarix və mədəniyyət abidələrinin qorunmasının konstitusion təminatları”, “Tarix və mədəniyyət abidələrinin qorunması sahəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr aparılıb.