Azərbaycanda ilk və yeganə ödənişsiz vokal tədrisi ocağı olan Bülbül Vokal məktəbi yeni tələbələrini seçib.  

2025/2026 tədris ili üzrə məktəbə 300-dən çox müraciət olub. 47 nəfər növbəti mərhələyə buraxılıb.

Bülbülün Bakıdakı memorial muzeyində keçirilən dinləmə zamanı yeni tədris ili üçün 10 tələbə seçilib.

Müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən (Gəncə, Mingəçevir, Şəki, Quba) gənclər müraciət ediblər.

Tələbələr bir tədris ili müddətində vokal sənətinin sirlərini öyrənəcəklər.

Qeyd edək ki, Əməkdar artist Ramil Qasımovun yaratdığı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor Bülbülün (1897–1961) ənənələrini davam etdirən məktəb artıq iki ildir fəaliyyət göstərir.