Azərbaycanın tanınmış geoloq-alimi, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar geoloq, Əməkdar müəllim, Əməkdar elm xadimi, Vyetnam Demokratik Respublikasının Əməkdar neft sənayesi işçisi Çingiz Xəlifəzadə haqqında kitab işıq üzü görüb.
"Geologiya elminin zirvəsində" adlı kitabın müəllifi Firuzə Nadirdir.
Çingiz Xəlifəzadə 17 fevral 1931-cu il tarixdə Şəkidə anadan olub. Azərbaycan SSR EA-nın Geologiya İnstitutunda, SSRİ EA Dağıstan MSSR Mərkəzinin (Rusiya Federasiyası) Geologiya İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki BDU) müxtəlif vəzifələrdə çalışıb.
Professor Çingiz Xəlifəzadənin elmi və pedaqoji fəaliyyəti 1981-ci ildən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə bağlı olub, 2016-cı ilədək burada kafedra müdiri işləyib. Həmin ildən Geoloji kəşfiyyat fakültəsində məsləhətçi-professordur.
Avqustun 30-da Şəkidəki "Yurd yaddaşı" miniatür muzeyində "Geologiya elminin zirvəsində" kitabının təqdimatı keçirilib.
Tədbirdə Çingiz Xəlifəzadənin özü, yaxınları, tələbələri, Şəkinin ziyalıları iştirak ediblər.