
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2025-ci il 23-25 sentyabr tarixlərində növbəti Nəsimi Festivalı (Şeir. İncəsənət. Mənəviyyat) keçiriləcək.
Bakı və Şamaxının müxtəlif məkanlarında baş tutacaq festival bu dəfə də böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369–1417) fəlsəfi və ədəbi irsinin öyrənilməsi, ədəbiyyat və incəsənət sahəsində bir sıra tədbirlərlə yadda qalacaq.
Festival sentyabrın 23-də və 25-də Bakının bir sıra mədəniyyət ocaqlarını, o cümlədən Heydər Əliyev Mərkəzini, İçərişəhəri, Atəşgah məbədini əhatə edəcək. Festival günlərində müxtəlif ölkələrdən alimlərin iştirakı ilə beynəlxalq konfrans, Nəsimi yaradıcılığına dair elmi sessiyalar, müzakirələr, sərgilərin təşkili, tamaşaların nümayişi, əbədi-bədii gecənin, musiqi təqdimatlarının keçirilməsi nəzərdə tutulub.
Sentyabrın 24-də isə Şamaxıda festival tədbirləri təşkil olunacaq. "Nəsimi bağları" kompleksində keçiriləcək tədbirlərdə tanınmış xanəndələr, vokalçılar və qiraətçilərin iştirakı ilə Nəsimi yaradıcılığına həsr olunan bədii proqram, o cümlədən balet, açıq səma altında “Multidisipilinar incəsənət festivalı”, ustad dərsləri, konsert təqdim ediləcək.
Festival iştirakçıları, həmçinin "Nəsimi bağları" kompleksi ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış heykəli ilə tanış ola biləcək.
Qeyd edək ki, ilk dəfə 2018-ci ildə (27–30 sentyabr) təşkil olunan Nəsimi Festivalı mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu təşviq etməyi hədəfləyir. Festival müasir incəsənət nümayəndələrinin Nəsiminin zəngin irsindən ilhamlanması, ənənəvi və müasir bədii təcrübələr arasında körpü yaratması üçün bir platforma kimi nəzərdə tutulub.
Nəsimi Festivalı ikinci dəfə 2019-cu ildə (28 sentyabr – 1 oktyabr) mütəfəkkir şairin 650 illiyi ilə əlaqədar ölkəmizdə elan olunan “Nəsimi İli” çərçivəsində keçirilib.