Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyi (ARKA) tərəfindən keçirilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi sentyabr ayında Nizami Kino Mərkəzində təşkil olunacaq.
Pitçinqlər 5, 12, 19 və 26 sentyabr tarixlərində keçiriləcək. Təqdimatlar saat 10:00-da başlayacaq.
Pitçinq mərhələsi müsabiqə iştirakçılarına film layihələrini təqdim etmək imkanı yaradacaq. Hər layihəyə ümumilikdə 15 dəqiqə vaxt ayrılıb. Bu müddət çərçivəsində layihənin təqdimatı və müzakirə hissələri olacaq. Yalnız tammetrajlı bədii filmlər üçün əlavə olaraq bir dəqiqəlik tizer nümayişi nəzərdə tutulur.
Təqvimə əsasən, 5 sentyabrda 5 animasiya və 3 tələbə filmi, 12 sentyabrda 8 qısametrajlı bədii film, 19 sentyabrda 4 bədii-sənədli və 3 sənədli film, 26 sentyabrda isə 6 tammetrajlı bədii film təqdim olunacaq.