Tarixdəki olaylar

 

28 avqust 1918 – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədrisi barədə qərar qəbul edib.

 

28 avqust 1919 – Cümhuriyyət Parlamenti Azərbaycan Dövlət Bankının yaradılması barədə qanun qəbul edib. Bank sisteminin mərkəzləşdirilməsi barədə müzakirələr 1918-ci ildən getsə də, hökumət və parlament daxilində fikir ayrılıqları onun reallaşmasına imkan verməmişdi. Dövlət Bankı həmin ilin oktyabrında fəaliyyətə başladı.

 

28 avqust 1992 – Ballıqaya qətliamı baş verib. Laçın rayonunun işğalından sonra Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığında çadırda məskunlaşan altı ailənin üzvləri – 24 nəfər gecə yatdıqları yerdə əraziyə basqın edən erməni silahlı dəstəsi tərəfindən qətlə yetirilib. Daha sonra çadırlara od vurulub, meyitlərin əksəriyyəti yandırılıb.

 

28 avqust 2007 – Bakıda M.Muxtarov küçəsi 185 ünvanında inşa edilən 16 mərtəbəli binanın çökməsi nəticəsində 27 nəfər həlak olub. Qəza tikintinin mühəndislik və texniki təhlükəsizlik normalarına uyğun aparılmaması nəticəsində baş verib.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 avqust 1749 – Alman şairi və mütəfəkkiri, yazıçı-dramaturq Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe; 1749 – 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirabları” romanları, “İfigeniya”, “Torkvato Tasso” dramları və s.

 

28 avqust 1867 – İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867 – 12.11.1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.

 

28 avqust 1925 – Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqatski (1925 – 12.10.1991) anadan olub. Qardaşı Boris Struqatski (15.4.1933 – 19.11.2012) ilə birgə yazdıqları fantastik əsərlərlə tanınıb.

 

28 avqust 1935 – Tanınmış yazıçı, şərqşünas Əlibala Qüdrət oğlu Hacızadə (1935 – 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” və s. əsərləri geniş oxucu rəğbəti qazanıb.

 

28 avqust 1948 – Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948 – 2.2.2003) anadan olub.

 

28 avqust 1984 – Xalq artisti, tanınmış müğənni Rübabə Xəlil qızı Muradova (22.3.1933 – 1984) vəfat edib. Akademik Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli (“Leylı və Məcnun”), Ərəbzəngi (“Şah İsmayıl”) və s.

 

28 avqust 2024 – Azərbaycan Dövlət Kukla Teatrının aktrisası olmuş Elmira Ənvər qızı Hüseynova (8.11.1952 – 2024) vəfat edib.

Hazırladı: Vüqar Orxan