Bu il Azərbaycan hərb tarixinin görkəmli nümayəndəsi general-mayor Cəmşid Naxçıvanskinin anadan olmasının 130 illiyidir. Onun hərb xadimi kimi zəngin irsini doğma şəhərindəki ev-muzeyi yaşadır.
Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanski 1895-ci il avqustun 10-da Naxçıvan şəhərində anadan olub. O, 43 illik ömrünün 26 ilini hərb sənətinə sərf edərək general rütbəsinə qədər yüksəlib. Cəmşid Naxçıvanski Azərbaycanda, həmçinin Zaqafqaziyada bir çox ilklərə imza atıb. Azərbaycanın ilk milli atıcı diviziyasını yaradıb, əsgər və zabitlərin hərbi-taktiki hazırlıqları ilə yanaşı, ideya-siyasi hazırlıqlarının yüksəldilməsi məqsədilə “Hərbi bilik” jurnalını təsis edərək onun həmredaktoru kimi aktual mövzularla mətbuatda çıxışlar edib. Həmçinin Zaqafqaziya Hərbi Dairəsində ilk dəfə “Hava hücumundan kimyəvi vasitələrlə müdafiə”ni təşkil edib, M.V.Frunze adına Moskva Hərbi Akademiyası kimi nüfuzlu tədris ocağında ilk azərbaycanlı hərbçi-pedaqoq olaraq mühazirə oxuyub.
Sərkərdə döyüş vaxtı cinahların yerdəyişməsi və kordinasiyası konsepsiyasını yenidən işləyib hazırlayıb. Naxçıvanskinin bütün incəliklərinə qədər işləyib hazırladığı hərbi doktrinadan İkinci Dünya müharibəsində sovet hökuməti yararlanıb və yüksək nəticələr əldə edib. Naxçıvanskinin akademiyada dərs keçdiyi müdavimlərdən 3 nəfər Sovet İttifaqı Marşalı adına layiq görülüb, onlarla general, yüzlərlə yüksəkrütbəli hərbçi yetişib.
Xan nəvəsinin yüksək zəkasını, elmi potensialını, ən əsası isə vətənpərvərliyini və yurdsevərliyini xalqımızın düşmənləri (şaumyanlar, mikoyanlar, beriyalar və s.) həzm edə bilmirdilər. Cəmşid Naxçıvanski daim təqib olunaraq məqsədli ittihamlara məruz qalırdı. O, irtica qüvvələri tərəfindən 3 dəfə həbs olunub. 1938-ci il may ayının 20-də üçüncü dəfə həbs edilən Cəmşid Naxçıvanski saxta ittihamlarla SSRİ əleyhinə gizli silahlı təşkilat yaratmaqda və ona birbaşa rəhbərlik etməkdə günahlandırılır. 1938-ci il avqustun 25-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Naxçıvanskinin saxlandığı Lefertova zindanında səyyari, qapalı dinləmələr keçirir. Avqustun 26-da Hərbi Kollegiya Cəmşid Naxçıvanskiyə ölüm hökmü çıxarır və qərar icra olunur. O, Moskva yaxınlığında gizli kod adı “Kommunarka” olan kütləvi məzarlıqda dəfn edilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü, Azərbaycan KP MK Bürosunun 1971-ci il 23 iyun tarixli qərarı ilə Cəmşid Naxçıvanskinin xatirəsi əbədiləşdirilib. Ulu Öndərin yaratdığı respublika hərbi təyinatlı orta internat-məktəb Cəmşid Naxçıvanskinin adını daşıyır. 1981-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə milli hərb tariximizin görkəmli nümayəndəsi, novator sərkərdə Cəmşid Cəfərqulu xan oğlu Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar ata-baba yurdu olan Naxçıvanda ev-muzeyi yaradılıb. Muzey 1982-ci il oktyabrın 22-də fəaliyyətə başlayıb.
Muzeyin binası Cəmşid Naxçıvanskinin atasının evi olub, XIX əsr tarix-mədəniyyət abidəsidir. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən sənədlər, fotoşəkillər, kitablar, rəsm əsərləri, məktub və əlyazmaları, məişət-etnoqrafiya əşyaları, orden və medallar və digər materiallardan ibarət ümumilikdə 5 550 maddi-mədəniyyət nümunəsi mühafizə olunur ki, bunlardan da 635-i 6 ekspozisiya zalında nümayiş etdirilir.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2015-ci ildə Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd edilib, həmçinin ev-muzeyi əsaslı təmir olunub.
Hərb tariximizin görkəmli sərkərdəsi Cəmşid Naxçıvanskinin həyatı və fəaliyyəti gənc nəslə vətənpərvərlik nümunəsidir.