Respublika Gənclər Kitabxanasında Laçın Şəhəri Günü münasibətilə “Laçın azadlığın qanadında” adlı biblioqrafik icmal və ənənəvi kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, icmal Laçın şəhərinin tarixi, mədəni, sosial və ədəbi irsi haqqında mövcud nəşrləri, məqalələri və digər informasiya mənbələrini bir araya toplayaraq geniş oxucu auditoriyasına təqdim etmək məqsədilə hazırlanıb.
Materialda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamın mətni, “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” başlığı altında məlumatlar, Vətən müharibəsi və Laçın şəhərinin tarixi, elmi, ədəbi, mədəni irsi, folkloru, əsrarəngiz təbiəti haqqında yazılar, digər materiallar, fotolar təqdim edilib.
Biblioqrafik icmalda Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan qələbə və Laçın rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib, Laçın rayonunda aparılan yenidənqurma işləri, yüzlərlə laçınlıların öz doğma torpaqlarına qayıtmalarına dair görüntülər yer alıb.
Biblioqrafik icmal kitabxananın saytında yerləşdirilib.
“26 avqust – Laçın Şəhəri Günü” adlı sərgidə isə kitabxananın fondunda olan nəşrlər sərgilənib.