Tarixdəki olaylar

 

24 avqust 1572 – Tarixə dəhşətli qətliamlardan biri kimi düşmüş “Varfolomey gecəsi” baş verib. Həmin gecə (Müqəddəs Varfolomey günü ərəfəsində) Parisdə katoliklər protestant təriqətinə mənsub olan quqenotları kütləvi şəkildə qətlə yetiriblər. Kraliça Katerine Mediçinin əmri ilə həyata keçirilən qırğında, müxtəlif tarixi qaynaqlara görə, Parisdə 3 min, ümumilikdə Fransada 30 minədək quqenot məhv edilmişdi.

 

24 avqust 1578 – Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülhü ilə yekunlaşmışdı) başlanıb. Çıldır döyüşündə Səfəvi qoşunlarına qalib gələn Osmanlı qüvvələri Tiflisi ələ keçiriblər. Lakin bir qədər sonra (sentyabr) Səfəvi qoşunları Tiflisi geri alıb, Osmanlı ordusunun şimal-qərbi Azərbaycan torpaqlarına irəliləməsinin qarşısı alınıb.

 

24 avqust 2002 – Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı referendum keçirilib. Referendum aktında Konstitusiyanın 24 maddəsi üzrə 39 dəyişiklik (o cümlədən zərurət yarandığı halda Prezident səlahiyyətlərinin Milli Məclisin sədrinə deyil, Baş nazirə keçməsi) təklif olunmuşdu. Rəsmi nəticələrə əsasən, dəyişikliklərin lehinə (ayrı-ayrı bloklar üzrə) 96-97 faiz səs verilmişdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

24 avqust 1899 – Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899 – 14.6.1986) anadan olub. Əsərləri: “Yaradan”, “Uydurmalar” və s.

 

24 avqust 1896 – Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896 – 4.7.1949) İrəvan şəhərində anadan olub. 1920-ci ildə Türkiyəyə, oradan Amerikaya mühacirət edib. Miçiqan Universitetində dərs deyib, “İslam incəsənəti” jurnalının redaktoru olub.

 

24 avqust 1923 – Xalq artisti Lev Lazareviç Qruber (1923 – 30.4.1994) Rusiyanın Barnaul şəhərində doğulub. 40-cı illərdə Bakıya köçüb. Teatr İnstitutunu bitirdikdən sonra Rus Dram Teatrında çalışıb. Filmlərdə (“Uzaq sahillərdə”, “Bizim küçə”) çəkilib. 1990-cı ildə İsrailə köçüb, orada vəfat edib.

 

24 avqust 1926 – Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Ağalar oğlu Әliverdibәyov (1926 – 16.2.1985) Bakıda doğulub. “Mingəçevir” simfonik poeması, “Cırtdan” nağıl-operası və s. əsərlər, filmlərə musiqi yazıb.

 

24 avqust 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Əkbər Zərbalı oğlu Cəfərov (1933–1990) vəfat edib.

Hazırladı: Vüqar Orxan