
Milli Kitabxanada tanınmış yazıçı-dramaturq, şair, filologiya elmləri doktoru, dövlət xadimi Şıxəli Qurbanovun (1925–1967) anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib.
Milli Kitabxanadan bildirilib ki, sərgidə görkəmli alim və ədibin Şıxəli Qurbanovun bədii əsərləri, həyat və yaradıcılıq yolu, elmi-ədəbi irsi haqqında Azərbaycan və rus dillərində ədəbiyyat, dövri mətbuat materialları nümayiş olunur.
Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil aldıqdan sonra Azərbaycan ədəbiyyatı kafedrasında aspirant olub, eyni zamanda, rus ədəbiyyatının tədrisi üzrə müəllim işləyib.
1956-cı ilin iyununda “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1958-ci ildən Pedaqoji İnstitutda baş müəllim, dosent vəzifələrində çalışıb. 1961-1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, direktor işləyib. 1964-cü ildə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Azərbaycan SSR Ali Sovetinin deputatı, 1966-1967-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (respublikanın ali rəhbər orqanı) katibi olub.
Şıxəli Qurbanovun “Milyonçunun dilənçi oğlu”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyesləri uzun müddət teatr səhnələrində oynanılıb. Şeirləri, poema, hekayə və tənqidi məqalələri mətbuatda müntəzəm çap olunub.