
Avqustun 22-də Mədəniyyət Nazirliyinin tabeliyindəki kino müəssisələrinin idarə edilməsinin və fəaliyyətinə nəzarətin Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən təşkil olunmasına dair iclas keçirilib.
ARKA-dan verilən məlumata görə, iclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova kinematoqrafiya sahəsində fəaliyyətlərin təkmilləşdirilməsi üçün kino müəssisələrinin idarəçiliyinin optimallaşdırılmasının zəruriliyini vurğulayıb. Vahid tədbirlər planı çərçivəsində birgə fəaliyyətin əhəmiyyətini qeyd edən nazir müavini qurumlararası kommunikasiya və düzgün təşkil olunmuş müasir korporativ idarəetmə münasibətlərinin dövlət tərəfindən görülən işlərin effektivliyini artıracağını bildirib.
Daha sonra çıxış edən ARKA-nın baş direktoru Rəşad Əzizov kino sahəsində korporativ idarəetmənin tətbiqi istiqamətində atılacaq addımlar və gələcək planlar barədə ətraflı məlumat verib. Agentliyin strukturunun optimallaşdırılması və tabeliyində olan dövlət kino müəssisələrinin təmərküzləşmə modelini özündə əks etdirən təqdimat göstərilib.
Yekunda iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb. ARKA Müşahidə Şurasının sədri Cəmil Quliyev kino müəssisələrinin optimal idarəçilik modelinin tətbiqi münasibətilə təbriklərini çatdırıb, agentliyə fəaliyyətində uğurlar arzulayıb.