Respublika Uşaq Kitabxanasının təşkilatçılığı və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə avqustun 19-da xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi keçilib.
Yaradıcı məşğələdə Sabunçu Sosial Xidmətlər Mərkəzində sosial reabilitasiya proqramına cəlb olunan fiziki məhdudiyyətli uşaqlar iştirak ediblər.
Onlar gildən hazırlanmış fiqurların rənglənməsi prosesinə cəlb edilərək səmərəli vaxt keçiriblər. Kitabxana əməkdaşları uşaqlara fiqurların hazırlanma texnikası və boyanma qaydaları barədə məlumat verib, yaradıcı prosesin hər mərhələsində onlara dəstək olublar.
Ustad dərsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqları yaradıcılıq fəaliyyətinə təşviq etmək, estetik zövqlərini formalaşdırmaq və asudə vaxtlarının səmərəli təşkilinə xidmət etməkdir.
Sonda uşaqlar “İlbizin evi” və “Əlifba” animasiya filmlərinə baxıblar. Animasiyalar uşaqların yeni biliklər əldə etməsinə və maariflənməsinə imkan yaradıb.
Qeyd edək ki, Respublika Uşaq Kitabxanası tərəfindən mütəmadi olaraq təşkil olunan belə tədbirlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına, emosional və sosial inkişafına, həmçinin mədəni mühitə cəlb edilməsinə töhfə verir.