Avqustun 21-də görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 95-ci ildönümü tamam olub.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair biblioqrafik icmal və videomaterial virtual rejimdə istifadəçilərə təqdim edilib.
Biblioqrafik icmalda Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Nizami Cəfərovun “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı məqaləsinin və professor, filologiya elmləri doktoru Salidə Şərifovanın “Filoloji düşüncəmizdə Bəkir Nəbiyev mövqeyi” adlı məqalələrin tam mətni yer alır.
Kitabxananın rəsmi saytında (https://www.ryl.az/funds/biblioqrafik-icmal) yerləşdirilən vəsaitdə akademikin müəllifi olduğu, habelə onun haqqında yazılan 40-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövri mətbuat nümunələrinin siyahısı da təqdim edilir.
“Akademik Bəkir Nəbiyev 95” adlı videomaterialda görkəmli alimin həm klassik, həm də müasir ədəbiyyat haqqında müəllifi olduğu fundamental əsərləri, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına verdiyi böyük töhfələr haqqında məlumat verilir, ədəbi prosesə, klassik ədəbi irsə, tənqidə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə dair 50-dən çox kitab, 900-dən çox məqalə və resenziyanın müəllifi olması bildirilir. Materialda Bəkir Nəbiyevin pedaqoji fəaliyyətinə də geniş yer verilir, onun doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olması, ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Məhərrəm Qasımlı kimi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətləri diqqətə çatdırılır.
“Alim Bəkir Nəbiyev 90” adlı videomaterial da kitabxananın saytında (https://www.ryl.az/multimedia/akademik-bekir-nebiyev-95) yerləşdirilib.
***
Milli Kitabxanada isə ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Bəkir Nəbiyevin 95 illiyi münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgilərdə rəsmi sənədlər, akademik Bəkir Nəbiyevin əsərləri, tərtibçisi, redaktoru, rəyçi və məsləhətçisi olduğu kitablar, həmçinin akademikin şəxsiyyəti və yaradıcılığı, elmi irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.