
Görkəmli şair, publisist, ədəbiyyatşünas-alim Məmməd İsmayıl 19 avqust 2025-ci il tarixində, ömrünün 86-cı ilində vəfat edib.
Məmməd Mürşüd oğlu İsmayılov (Məmməd İsmayıl) 1939-cu ilin 1 noyabr tarixində Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali ədəbiyyat kursunu bitirib.
1966–1973-cü illərdə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində, 1975–1976-cı illərdə “Ədəbiyyat və incəsənət” qəzetində, 1976–1980-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. 1980–1983-cü illərdə “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə “İşıq” nəşriyyatının direktoru, 1988–1992-ci illərdə “Gənclik” (“Molodost”) jurnalının baş redaktoru, 1992–1993-cü illərdə isə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub.
Bədii yaradıcılıqla yanaşı, elmi-tədqiqat işi ilə də məşğul olan Məmməd İsmayıl 1998-ci ildə “Çağdaş Azərbaycan poeziyasında aşıq şeiri” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Bəxtimə düşən gün”, “Hələ yaşamağa dəyər”, “Dünya bizim evimizdir”, “Aman təklik əlindən” və s. kitabları nəşr olunub. Bir sıra şeirlərinə mahnılar bəstələnib.
Şair 1996-cı ildə Türkiyəyə köçüb və Çanaqqala Universitetində pedaqoji fəaliyyət göstərib. Bir neçə il idi Vətənə qayıtmışdı.
Allah rəhmət eləsin.