Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə musiqi və incəsənət məktəblərinin attestasiyasının nəticələrinə əsasən müəllimlər üçün təlimlərin ikinci mərhələsinə başlanılıb.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə avqustun 18-də start verilən təlimlər iki ay davam edəcək. Fortepiano, musiqi nəzəriyyəsi, tar, kamança, qarmon, xanəndə və nağara ixtisasları üzrə 70-dən çox müəllim proqramda iştirak edir.
Təlimlər Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən M.Maqomayev adına 26 nömrəli musiqi və F.Əmirov adına 6 nömrəli incəsənət məktəblərində təşkil olunur. Pedaqoji təcrübəyə malik mütəxəssislər tərəfindən keçirilən dərslərdə fərdi və qrup metodları, interaktiv modellər və müasir təhsil texnologiyaları tətbiq edilir.
Təlimlərin açılış mərasimində MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov və sədr müavini Taleh Hüseynli çıxış edərək təşəbbüsün əsas məqsədinin bilik və bacarıqların artırılması, müasir tədris metodlarının mənimsənilməsi və peşəkar inkişafın dəstəklənməsi olduğunu bildiriblər.
Xatırladaq ki, bu ilin may-iyul aylarında keçirilmiş ilk mərhələ üzrə təlimlərdə 100-dən çox müəllim iştirak etmişdi.