Tarixdəki olaylar

 

20 avqust 1960 – Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Seneqal müstəqilliyini elan edib. Seneqal 1880-ci ildə Fransanın müstəmləkəsinə çevrilmişdi.

 

20 avqust 1968 – Çexoslovakiyaya sovet və Varşava Müqaviləsi Təşkilatına (1955) daxil olan digər sosialist ölkələrin qoşunları yeridilib. Hərbi müdaxilə Çexoslovakiya Kommunist Partiyası rəhbərlərinin dəvəti ilə həyata keçirilmişdi. Bununla “Praqa baharı”na (1968-ci ilin yazında Çexoslovakiya hökumətində baş verən dəyişikliklər, Moskvanın diktə etdiyi kursdan imtina) son qoyuldu.

 

20 avqust 1992 – Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması ilk olaraq Naxçıvandan başlanıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərara və müvafiq razılaşmaya əsasən, keçmiş SSRİ Ordusunun 75-ci motoatıcı diviziyasının heyəti muxtar respublikanı tərk edib, əmlakı isə Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə verilib.

 

20 avqust 2001 – Prezident Heydər Əliyev Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı fərman verib. Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 avqust 1847 – Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski; 1847 – 19.5.1912) anadan olub. “Kukla”, “Firon” və s. romanların müəllifidir.

 

20 avqust 1901 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1959) Salvatore Kvazimodo (Quasimodo: 1901 – 14.6.1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.

 

20 avqust 1901 – Məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 – 18.3.1979) Şuşada doğulub. Muğamların bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsniflər bəstələyib.

 

20 avqust 1912 – Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə; 1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.

 

20 avqust 1926 – Filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Məhəmməd oğlu Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda doğulub. Dövlət İncəsənət Universitetinin rektoru olub.

 

20 avqust 1929 – Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.

 

20 avqust 1930 – Türkiyənin teatr və kino aktyoru Hüseyn Kutman (1930 – 15.12.1988) anadan olub.

 

20 avqust 1932 – Ədəbiyyatşünas, yazıçı İslam Məmməd oğlu Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.

 

20 avqust 1955 – Əməkdar mədəniyyət işçisi, tanınmış fotoqraf, operator Babək Barat oğlu Quliyev (1955 – 25.5.2025) Bakıda anadan olub. Müdafiə və Mədəniyyət nazirliklərində, “Azərbaycanfilm” kinostudiyasında, mətbu orqanlarda fotoreportyor, videooperator işləyib.

 

20 avqust 2010 – Əməkdar artist Sadiq Əliabbas oğlu İbrahimov (23.12.1945 – 2010) vəfat edib. Akademik Milli Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan