
Oktyabrın 6-dan 12-dək Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Bakı Yaradıcı Həftə 2025” çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı ilə təşkil olunacaq festival dünyanın müxtəlif ölkələrindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirəcək.
Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. Festival mədəni əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Festivalın əsas məqsədi Azərbaycanın regionda mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlığın qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.
“Baku Cinema Breeze” çərçivəsində Şərq ölkələrinin film marketi, II “ATA” Türk Dünyası Animasiya Festivalı, İslam ölkələrinin kino günləri və “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.
Festival ölkəmizin mədəni həyatında önəmli hadisələrdən biri olmaqla, bütün sənətsevərlərin maraqla izləyəcəyi kino bayramına çevriləcək.
Xatırladaq ki, "Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətinin inkişafını təşviq etmək məqsədi daşıyan və bu sahədə müxtəlif fəaliyyətləri sistemləşdirən ümumi platforma kimi ilk dəfə 2024-cü ilin oktyabr ayında təşkil edilib.