AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları Lola Hüseynova və Zümrüd Mehdiyeva Qazaxıstanın Semey şəhəri yaxınlığında yerləşən Kokentau arxeoloji kompleksində keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər.
İnstitutdan bildirilib ki, Qazaxıstan Milli Elmlər Akademiyasının A.X.Marqulan adına Arxeologiya İnstitutunun təşkilatçılığı ilə gerçəkləşən proqramda iştirakçılar müasir arxeoloji tədqiqat üsullarını öyrənib, o cümlədən maqnitometr-qradometr, GNSS qəbulediciləri və pilotsuz uçuş aparatları ilə işləmə bacarıqlarına yiyələniblər. Həmçinin ortofotoplanların və 3D modellərin hazırlanması texnikası praktiki şəkildə öyrədilib.
Yay məktəbinə Qazaxıstan, Azərbaycan, Rusiya və Belarusdan mütəxəssislər qatılıb.
Treninqin sonunda iştirakçılara A.X.Marqulan adına Arxeologiya İnstitutunun direktoru Akan Onqaruli tərəfindən sertifikatlar təqdim edilib.