Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə 13-15 avqust tarixlərində Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonunda və Petropavl şəhərində turizm, mədəniyyət, təhsil və gənclər siyasəti istiqamətlərində tədbirlər keçirilib.
Fonddan verilən məlumata görə, proqramda III Beynəlxalq Rəssamlar Simpoziumu, “Mağcan Mərkəzi”nin təntənəli açılışı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən çap olunan “Bizim Mağcan” kitabının təqdimatı, eləcə də “Botay – Böyük Çöl mədəniyyəti” mövzusunda elmi-praktik konfrans yer alıb.
Qazaxıstanın Baş nazirinin müavini Ermek Koşerbayev, elm və ali təhsil naziri Sayasat Nurbek, turizm və idman nazirinin müavini Erjan Erkinbayev, mədəniyyət və informasiya nazirinin müavini Yevgeni Koçetov bölgəyə səfər edərək ekspozisiyalarla tanış olub, 3 ölkədən alimlər, 12 ölkədən gənc arxeoloqlar və rəssamlarla görüşüblər. Həmçinin turizmin inkişafı, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə edilib.
Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti tərəfdaş qurumlarla görüşlər keçirib, Botay mədəni irsinin beynəlxalq elmi və yaradıcı platformalarda təbliğinə, həmçinin türk ölkələrindən gələn nümayəndələr arasında koordinasiyanın gücləndirilməsinə dəstək verib.
Fond tərəfindən 7 dildə nəşr olunan “Bizim Mağcan” kitabının təqdimatı yüksək səviyyədə keçirilərək vacib mədəni hadisəyə çevrilib. Nəşr Qazaxıstanın keçmişi, bu günü və gələcəyi ilə maraqlanan, vətəninə və Türk dünyasına dərin hörmət bəsləyən oxucular üçün hazırlanıb. Kitab böyük qazax şairi Mağcan Cumabayevin həyat yolunu, cəmiyyətə töhfələrini və zəngin yaradıcılıq irsini əhatə edir. Bu əsər Mağcanı yalnız ədəbi şəxsiyyət kimi deyil, həm də türk xalqlarının ortaq mədəniyyətinin simvolu kimi təqdim edir və oxucunu onun milli kimlik və azadlıq idealları ilə tanış edir.
Botay mədəniyyətinin ruhu və Mağcan Cumabayevin irsi isə gələcəkdə də nəsillərə ilham verərək, Türk dünyasının keçmişini, bu gününü və gələcəyini vahid mədəni məkan daxilində birləşdirməyə davam edəcək. Botay mədəniyyəti qədim atçılıq ənənələrinin və Eneolit dövrünün unikal maddi-mədəni nümunələrinin öyrənilməsi baxımından təkcə Qazaxıstan üçün deyil, bütövlükdə Türk dünyasının sivilizasiya yaddaşı üçün xüsusi əhəmiyyət daşıyır.
Türk Mədəniyyəti və İrsi Fondunun Şimali Qazaxıstan Vilayətinin Akimatı ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan proqram regionun mədəni-turizm potensialının nümayiş etdirilməsinə, elmi mübadilənin inkişafına və yaradıcılıq əməkdaşlığının gücləndirilməsinə yönəlib.