Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Tanınmış yazıçı, şair, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, "Şərəf" ordenli Vidadi Babanlı avqustun 16-da, ömrünün 99-cu ilində vəfat edib.

Vidadi Yusif oğlu Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Muğanlı kəndində (Birinci Şıxlı kənd sovetliyinin ərazi vahidi) anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi", "Ədəbiyyat qəzeti", “Azərbaycan” jurnalı redaksiyalarında müxtəlif vəzifələrdə çalışıb. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.

İlk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görən "Anam sən oldun" şeiridir. İlk şeirləri, "Dönüş", "Təbrizdə bir gecə" poemaları mətbuatda "Vidadi Şıxlı" təxəllüsü ilə çap olunub.

Vidadi Babanlı 1954-cü ildə "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb. “Vicdan susanda”, “Həyat bizi sınayır” (əsər əsasında eyniadlı bədii film (1972) çəkilib), “Ana intiqamı”, “Ömürlük cəza”, “İnsaf nənə”, “Müqəddəs ocaq” və s. əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanıb. Tərcüməçi kimi də tanınıb. Məşhur rus yazıçısı Valentin Rasputinin əsərlərini dilimizə çevirib. Yazıçının öz əsərləri də sovet dövründə rus dilinə tərcümə olunub, “Vicdan susanda” romanı iki dəfə Moskvada 100 min tirajla nəşr edilib.

Ömrünün son onilliklərini doğma kəndində yaşayan yazıçı yaradıcılığını da davam etdirib.  93 yaşında “Sabaha ismarıc” adlı kitabını tamamlayıb.

Vidadi Babanlının əbədi yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1986-cı ildə respublikanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 2022-ci ildə “Şərəf” ordeni ilə təltif edilmişdi.

Vidadi Babanlı Birinci Şıxlı kəndindəki qəbiristanlıqda, yaxınlarının məzarları yanında dəfn olunmasını vəsiyyət edib.

Allah rəhmət eləsin.