Tarixdəki olaylar
16 avqust 1906 – Nijni-Novqorod (Rusiya) şəhərində Ümumrusiya müsəlmanlarının III qurultayı başlanıb. Avqustun 20-dək davam edən qurultayda Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri seçilib.
16 avqust 1960 – İngilislərin nəzarətində (1878-ci ildən) olan Kipr müstəqilliyini elan edib. Bununla bağlı Böyük Britaniya, Yunanıstan və Türkiyə (adanın yunan və türk icmalarının qarant-dövlətləri) arasında sazişlər imzalanıb. Yunan və türk icmalarının konfederativ dövləti (Kipr Respublikası) üç il sonra (hökumətdə və parlamentdə çoxluqda olan yunan tərəfin türklərin hüquqlarını məhdudlaşdırması ilə başlanan münaqişə nəticəsində) süqut etdi. 1974-cü ildə ada faktiki iki yerə bölündü. Adanı şimala və cənuba ayıran xətt boyunca BMT kontingenti yerləşdirilib.
16 avqust 1993 – Ermənistan silahlı qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində irimiqyaslı hücumu nəticəsində Cəbrayılın Quşçular, Qışlaq, Doşulu, Əfəndilər, Qaracallı, Balyand, Süleymanlı kəndləri işğal olunub. Həmçinin Füzuli rayonunun Aşağı Veysəlli, Zərgər, İşıqlı və s. kəndləri ermənilərin əlinə keçib. Cəbrayıl və Füzuli rayonlarının işğal altındakı əraziləri 2020-ci ilin 44 günlük Vətən müharibəsində azad edildi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 avqust 1645 – Fransız yazıçısı Jan de Labryuer (Jean de La Bruyere; 1645 – 16.5.1696) anadan olub.
16 avqust 1924 – Əməkdar artist, məşhur tarzən Əhsən Əliabbas oğlu Dadaşov (1924 –29.5.1976) Bakıda olub. 1960-cı ildə Azərbaycan Televiziyası və Radiosunun “Xatirə” xalq çalğı alətləri ansamblını yaradıb. Hazırda kollektiv onun adını daşıyır.
16 avqust 1925 – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, Dövlət mükafatları laureatı Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 – 13.2.2009) Şəkidə anadan olub. 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin, Milli Məclisin deputatı olub.
16 avqust 1925 – Yazıçı-dramaturq, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 – 24.5.1967) Bakıda doğulub. “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir. Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan KP MK-nın katibi olub.
16 avqust 1936 – Tanınmış filosof, AMEA-nın müxbir üzvü Zakir Cabbar oğlu Məmmədov (Baharlı; 1936 – 2.3.2003) Ağdamda doğulub. “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir”, “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” və s. kitabların müəllifidir.
16 avqust 2024 – Türkiyəli yazıçı, Avrasiya Yazarlar Birliyinin başqanı, Azərbaycan ədəbiyyatının təbliğatında mühüm xidmətləri olmuş Yaqub Öməroğlu (25.3.1966 – 2024) vəfat edib.
Hazırladı: Vüqar Orxan