Qırğızıstanda “İpək Yolunun mətbəx irsi. Zooarxeologiya və arxeobotanikaya giriş” adlı beynəlxalq seminar-təlim keçirilib.  Qırğızıstan Milli Elmlər Akademiyasının Tarix və Mədəni İrs İnstitutu və Yaponiyanın Teikyo Universiteti nəzdində fəaliyyət göstərən Mədəni İrs Tədqiqat İnstitutunun birgə təşkil etdiyi tədbirdə ölkəmiz də təmsil olunub.

Bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Seminarda institutun əməkdaşları Ülviyyə Səfərova, Nərmin Məmmədli və Ülkər Allahverdiyeva iştirak ediblər.

Təlim proqramına arxeobotanika və zooarxeologiya sahələrində nəzəri və praktiki məşğələlər daxil olub. Arxeobotanika üzrə iştirakçılar flotasiya üsulu ilə nümunələrin yuyulması və mikroskop altında toxumların seçilməsi və ayırd edilməsi texnikalarını tətbiq ediblər. Zooarxeologiya bölməsində isə sümüklərin identifikasiyası, morfoloji xüsusiyyətlərinin təhlili, ölçülməsi, yaş və cinsin müəyyən edilməsi, patologiya və kəsik izlərinin tanınması kimi mövzular üzrə praktik bacarıqlar qazanıblar.

Proqram çərçivəsində iştirakçılar UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Ak-Beşim Orta əsrlər şəhər yerində aparılan qazıntı sahəsinə gedərək orada aparılan araşdırmalarla yerində tanış olublar. Bundan əlavə, Burana tarixi kompleksinə, eləcə də Qırğızıstan Milli Muzeyinə ekskursiya təşkil edilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.