12 avqust Beynəlxalq Gənclər Günüdür (International Youth Day). Əlamətdar günün tarixi 1998-ci ilin 8-12 avqustunda Portuqaliyanın paytaxtı Lissabonda Gənclərin işləri üzrə nazirlərin Dünya konfransının keçirilməsi ilə bağlıdır. BMT Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə təsis edilib.
Tarixdəki olaylar
12 avqust 1805 – Rusiya-İran müharibəsi (1804–1813) gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar. Lakin general Pavel Sisianovun qoşunları müvəffəqiyyət qazanmayaraq geri çəkilib. 1806-cı ilin yanvarında Şirvan xanlığını da işğal edən rus qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar aparılan zamanı general Sisianov öldürüldü. Ruslar 1806-cı ilin oktyabrında Bakını aldılar.
12 avqust 1993 – ATƏT-in Minsk Qrupunun toplantısında BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 822 (Kəlbəcərin işğalı ilə bağlı) və 853 (Ağdımın işğalı ilə bağlı) saylı qətnamələrin yerinə yetirilməsi üzrə “Təxirəsalınmaz tədbirlər qrafiki” qəbul olunub. Sənəd erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdən çıxmasını nəzərdə tuturdu, lakin kağız üzərində qaldı. Ermənistan isə beynəlxalq birliyin laqeydliyi fonunda işğalın coğrafiyasını daha da genişləndirdi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
12 avqust 1866 – İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1922) Xasinto Benavente-i-Martines (Jacinto Benavente Martinez; 1866 – 14.7.1954) anadan olub. “Qubernatorun xanımı”, “Yaxşı məhəbbətin dərsləri” və s. pyeslərin müəllifidir.
12 avqust 1921 – Yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Ələviyyə Hənifə qızı Babayeva (1921 – 23.9.2014) anadan olub. “Adamlar və talelər”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir.
12 avqust 1923 – Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923–1989) Bakıda anadan olub. SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər teatrlarda tamaşaya qoyulub.
12 avqust 1926 – Xalq şairi, Dövlət mükafatı laureatı Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 – 3.4. 2007) Bakıda anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s.
12 avqust 1943 – Xalq artisti Vaqif Abdulla oğlu Şərifov (1943 – 5.10.2021) anadan olub. Sumqayıt, Ağdam teatrlarında baş rejissor, Gəncə teatrında baş rejissor və bədii rəhbər işləyib, filmlərə çəkilib.
Hazırladı: Vüqar Orxan