“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu (Qazax rayonu) ərazisində yerləşən Damcılı mağara düşərgəsində 2016–2023-cü illərdə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət beynəlxalq ekspedisiya tərəfindən aparılmış tədqiqat nəticələrinə dair nəşrlərin təqdimatı keçirilib.

ADA Universitetinin Qazax Mərkəzində gerçəkləşən “Damcılı mağarası: tarix, arxeologiya və mədəniyyət – yeni nəşrlərin təqdimatı” adlı tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən təşkil edilib.

Qeyd edək ki, 2015-ci ildə yaponiyalı və azərbaycanlı arxeoloqlardan ibarət heyət dünya əhəmiyyətli irs nümunəsi olan Damcılı mağara düşərgəsini kompleks tədqiq etmək üçün qoruq ərazisinə dəvət olunub. Həmin il AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Tokio Muzey Universiteti və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti – “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən uzunmüddətli beynəlxalq memorandum imzalanıb.

2015-2023-cü illəri əhatə edən beynəlxalq əməkdaşlığın nəticəsi olaraq 2025-ci ildə iki kitab çap olunub.

Onlardan biri – İngiltərədə “Oxbow Books” nəşriyyatında çap olunan “Damcılı mağarası. Cənubi Qafqazda Son Pleystosendən Holosen dövrünədək bəşəriyyətin tarixinin rədqiqi” (Damjili Cave: Investigating the Late Pleistocene to Holocene Human History in the Southern Caucasus) adlı nəşrdir. Kitab Yaponiya tərəfindən arxeoloji tədqiqatlara rəhbərlik etmiş professor Yoşihiro Nişiaki və Azərbaycan tərəfindən tədqiqatlara rəhbərlik etmiş tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov və Yaqub Məmmədovun həmmüəllifliyi ilə hazırlanıb.

“Damcılı mağara düşərgəsi – Qazax, Azərbaycanda yüz min illik tarix” (Damjili Cave – A Hundred Thousand Years of History in Gazakh, Azerbaijan) adı ikinci kitab Yaponiyada professor Yoşihiro Nişiaki və Səadət Əliyevanın həmmüəllifliyi ilə Azərbaycan və ingilis dillərində çap edilib.

Hər iki kitabda qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, tətbiq edilən tədqiqat metodikası və əldə edilən nəticələr ətraflı şəkildə təqdim olunub.

Beynəlxalq əməkdaşlığın yekununa və arxeoloji qazıntıların nəticələrinə həsr edilmiş kitabların təqdimatı zamanı Damcılı mağarasının tarixi əhəmiyyəti, aparılan qazıntılar, tədqiqat prosesi və əldə olunan elmi nəticələr, buradan aşkarlanmış maddi-mədəniyyət nümunələrinin Azərbaycan arxeologiyasında rolu, həmçinin beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tokio Muzey Universitetinin direktoru, Yaponiya tərəfindən arxeoloji tədqiqatlara rəhbərlik etmiş professor Yoşihiro Nişiaki və Azərbaycan tərəfindən tədqiqatlara rəhbərlik etmiş tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey”, “Keşikçidağ”, “Qədim Şəmkir Şəhəri”, “Gəncə”, “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarının əməkdaşları, ADA Universiteti Qazax Mərkəzinin və Bakı Dövlət Universitetinin Qazax filialının professor-müəllim heyəti, Qazax rayonunun mədəniyyət işçiləri tədbirdə iştirak ediblər.

Qonaqlar daha sonra qoruğun Damcılı filialına ekskursiya edib və burada aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan eksponatlardan ibarət sərgi ilə tanış olublar. Sərgidə müxtəlif dövrlərə aid daş alətlər, keramika və digər maddi-mədəniyyət nümunələri nümayiş olunub.