Tarixdəki olaylar

 

9 avqust 1945 – ABŞ Yaponiyaya qarşı ikinci dəfə atom bombasından istifadə edib. Naqasaki şəhərinə atılan bomba 40 min nəfərin həyatına son qoyub. Üç gün öncə (6 avqust) ABŞ hərbi təyyarəsi Xirosima şəhərinə atom bombası atmış, 140 min sakin həlak olmuşdu. Bu aksiyaların II Dünya müharibəsinin nəticələrinə elə bir təsiri yox idi, çünki Yaponiya faktiki məğlubiyyəti ilə barışmışdı. Tarixçilərə görə, ABŞ bununla Yaponiyadan Perl-Harbor bombardmanının (1941) əvəzini çıxırdı.

 

9 avqust 1965 – Sinqapur dövlət müstəqilliyini elan edib. Eyniadlı adada yerləşən şəhər-ölkə Malayziyanın, 1826-cı ildən isə Britaniyanın nəzarətində olmuşdu. 1942-1945-ci ildə Yaponiyanın işğalı altında düşmüş, daha sonra Britaniyanın protektoratı kimi muxtariyyət əldə etmişdi.

 

9 avqust 1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı dəstələrindən təmizləyib. Başkənd Ermənistanın Azərbaycan ərazisində anklav formada yerləşən yaşayış məntəqəsi olub. Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun kəndlərini atəş altında saxlayırdı.

 

9 avqust 1999 –  Vladimir Putinin siyasi hakimiyyətə yüksəlişi başlanıb. Prezident B.Yeltsinin fərmanı ilə Rusiya Federasiyası Baş nazirinin səlahiyyətlərinin icrası Federal Təhlükəsizlik Xidmətinin direktoru polkovnik V.Putinə tapşırılıb. Həmin ilin 31 dekabrında B.Yeltsin vəzifəsindən istefa verdi və Putin Rusiyanın rəhbəri oldu.

 

9 avqust 2001 – Prezident Heydər Əliyev 1 avqustun “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan edilməsi haqqında fərman imzalayıb. Prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 2001-ci il 1 avqust tarixində Azərbaycanda latın qrafikalı əlifbaya keçid başa çatmışdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

9 avqust 1899 – Avstraliya əsilli ingilis yazıçısı Pamela Trevers (Pamela Lyndon Travers – əsl adı Helen Lyndon Goff; 1899 – 23.4.1996) anadan olub. “Meri Poppinsin macəraları” seriyasından əsərlərin müəllifidir.

 

9 avqust 1912 – Əməkdar mədəniyyət işçisi, jurnalist, kino xadimi Bağır Mir Qasım oğlu Seyidzadə (1912 – 24.3.1968) İrəvanda doğulub. Respublikanın kinematoqrafiya naziri, mədəniyyət nazirinin müavini, Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC) sədr müavini işləyib.

 

9 avqust 1963 – Amerika müğənnisi Vitni Hyuston (Whitney Elizabeth Houston; 1963 – 11.2.2012) anadan olub. Dəfələrlə “Qremmi” və “Emmi” mükafatı qazanıb.

 

9 avqust 1975 – Görkəmli rus bəstəkarı, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (25.9.1906 – 1975) vəfat edib. “Mtsen qəzasının ledi Makbeti” operasının, “Qızıl əsr”, “İşıqlı bulaq” və s. baletlərin, dünya musiqi xəzinəsinə daxil olan simfoniyaların müəllifidir. Filmlərə (“Ovod”, “Hamlet”) musiqi yazıb.

 

9 avqust 2022 – Əməkdar rəssam Arif Əli oğlu Məhərrəmov (5.8.1948 – 2022) vəfat edib. “Azərbaycanfilm” kinostudiyasında bir sıra bədii və animasiya filmlərinin quruluşçu rəssamı olub.

Hazırladı: Vüqar Orxan