Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) beynəlxalq elmi əməkdaşlığını genişləndirməkdə davam edir.

Son üç ildə dünyanın elm sahəsində nüfuzlu təşkilatlarına – Beynəlxalq Elmi Şuraya (ISC) və Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasına (AASSA) səsvermə hüququ ilə tam üzv qəbul edilən AMEA daha bir təşkilatın sırasına qoşulub.

AMEA Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) ilkin (müvəqqəti) üzvlük statusundan tam üzvlüyə yüksəlib.

Akademiyadan verilən məlumatda vurğulanır ki, bu addım akademiyanın qlobal elmi proseslərdə iştirakını gücləndirir, alimlərimizə beynəlxalq səviyyədə bərabər hüquqlarla çıxış imkanı və dünya elminə inteqrasiyanı təmin edir.

Üzvlüklə bağlı IAP-ın prezidentləri Masresha Fetene və Margaret A. Hamburq tərəfindən AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə məktub göndərilib. Məktubda bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının IAP-in Baş Assambleyası tərəfindən tam üzv statusuna keçidi təsdiq olunub və bu barədə məlumat IAP-nin rəsmi saytında əks olunacaq.

Məktubda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 2025-ci ilin dekabr ayında Misirin Qahirə şəhərində keçiriləcək IAP Konfransı və Baş Assambleyasında iştirak etməyə dəvət olunub. Bildirilib ki, bu tədbir üzv akademiyalar arasında tanışlıq, təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün unikal platformadır. Tədbirlə bağlı ətraflı məlumat tezliklə paylaşılacaq. 

Qeyd edək ki, bu yaxınlarda mərkəzi Yunanıstanın paytaxtı Afinada yerləşən Beynəlxalq Platon Akademiyası da AMEA-nın üzvlük müraciətinə müsbət yanaşaraq akademik İsa Həbibbəylini müvafiq məktubla məlumatlandırıb.