Xəbər verdiyimiz kimi, Türkmənistanın Avaza turizm bölgəsində (Türkmənbaşı şəhərinin rayonu) keçirilən BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransında (4-8 avqust) Azərbaycan da təmsil olunur.
Konfrans çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin mədəni irsi də geniş şəkildə təqdim olunur.
Avqustun 4-də açılışı olan "Azərbaycanın milli irsinin inciləri” adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.
Avqustun 6-da konfrans çərçivəsinə “Azərbaycan milli günü” keçirilib.
Azərbaycan pavilyonunda ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər.
Sərgi məkanında eyni zamanda canlı musiqi nömrələri və milli rəqslər nümayiş olunub.
Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyatlarımız təqdim edilib. İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.
Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı keçirilib.
Xalq artistləri Alim Qasımov (xanəndə), Gülyanaq Məmmədova (müğənni), Əməkdar artistlər Fərqanə Qasımova (xanəndə), Ramil Qasımov (vokal), Nərgiz Kərimova (vokal), Sahib Paşazadə (tarzən), eləcə də aşıq Samirə və aşıq Əli dueti, "Natiq" ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblının ifaları böyük maraq doğurub, alqışlarla qarşılanıb.
Avazada “Azərbaycanın milli irsinin inciləri” sərgisi avqustun 8-dək davam edəcək.