Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun “Müstəqil türk dövlətlərində dil siyasəti” monoqrafiyası nəşr olunub.

Qarabağ Universitetinin Elmi şurasının qərarı ilə çap olunan ilk elmi monoqrafiyada müasir dilçiliyin yeni istiqamətlərindən olan dil siyasəti və dil planlaşdırması məsələləri əvvəlcə nəzəri aspektdə təhlil olunub, daha sonra isə türk respublikaları üzrə sistemli və müqayisəli şəkildə araşdırılıb. Kitabda Orxon-Yenisey abidələrindən başlayaraq günümüzə qədər Türk dünyasında baş verən dil prosesi, ümumi və spesifik mənada dil siyasətləri diaxron və sinxron müstəvidə tədqiq olunub.

Əsərdə son 30 ildə müstəqillik qazanmış türk respublikalarında həyata keçirilən dil siyasətləri və bu sahədə qarşıya çıxan əsas problemlər təhlil edilib, onların həlli yolları və perspektivləri göstərilib. Eyni zamanda, türklərin azlıq təşkil etdiyi dövlətlərdə onlara qarşı aparılan dil siyasətləri də araşdırılıb, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi çərçivələrə istinad edilib. Bu kontekstdə Rusiya Federasiyası, Çin Xalq Respublikası, İran İslam Respublikası, Moldova, Bolqarıstan və Gürcüstan kimi ölkələrdə yaşayan türk xalqlarının dillərinin mövcud vəziyyəti və onların qorunması məsələləri geniş şəkildə təhlil olunub.

Monoqrafiyanın elmi redaktorları Azad Berlin Universitetinin (Almaniya) professoru Barbara Kellner Heinkele və Başkent Universitetinin (Türkiyəp) rofessoru Süer Ekerdir.