Xəbər verdiyimiz kimi, 4-8 avqust tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbirlərdə ölkəmizin zəngin tarixi-mədəni irsi, incəsənət ənənələri konfrans çərçivəsində beynəlxalq auditoriyaya təqdim edir.
Azərbaycan pavilyonunda tarixi və mədəni irsimizlə bağlı kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənir. Ziyarətçilər qədim sənətkarlıq ənənələrimizi əks etdirən əl işləri ilə də tanış ola bilirlər.
Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri” adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və kəlağayı nümunələri nümayiş olunur. Xalça toxuma, şəbəkə sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri də keçiriləcək.
Sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi yeməkləri və şirniyyatları təqdim olunacaq, ölkəmizin qonaqpərvərliyi və kulinariya ənənələri nümayiş etdiriləcək.
Avqustun 5-də konfransın açılış mərasimi çərçivəsində qala-konsert təşkil ediləcək.
Avqustun 6-da “Azərbaycan Milli Günü” münasibətilə möhtəşəm konsert proqramı, ayın 8-də isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun qala-konsert olacaq.