3–9 avqust tarixlərində Xankəndi şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir.
Düşərgənin açılış mərasimində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.
Çıxışlarda yay düşərgəsinin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyətinə toxunulub, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diaspor siyasətinin uğurlu nəticələrindən danışılıb.
DİDK sədri Fuad Muradov Xankəndinin sülh, əməkdaşlıq və inkişaf simvoluna çevrildiyinə diqqət çəkib, düşərgəyə gənclərin ildən-ilə daha çox maraq göstərdiklərini, bu platformanın ilk gündən özünü doğrultduğunu ifadə edib.
Tədbirdə dövlət başçısının Xankəndidə bayraq qaldırmasının, oradakı tarixi çıxışının yer aldığı videoçarx nümayiş olunub, həmçinin diaspor gənclərinin yay düşərgələrinin tarixi ilə bağlı faktlar səsləndirilib.
DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının və Rəvan Rədin aparıcılıq etdikləri açılış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilir.
Bu il düşərgədə 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən həmvətənimiz – ümumilikdə 700-dən artıq gənc qatılıb.