Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində  Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə tədbir keçirilib.

"Səsdən könüllərə" layihəsi və Gənclərin Karyera və İnkişaf Mərkəzi Abşeron-Xızı regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə yazıçı, publisist, Azərbaycan Beynəlxalq Radiosu proqramlar şöbəsinin rəisi Natəvan Dəmirçioğlu “Mətbuat: ilkin xəbərləmədən süni zəkaya" mövzusunda çıxış edib. O, ənənəvi jurnalistikadan müasir mediaya qədər olan yola nəzər salıb, süni zəkanın mediaya təsiri və insanlığın innovasiyalar əsrində mövqeyindən danışıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Müşfiq Ələsgərli informasiya təhlükəsizliyi, onlayn jurnalistika və sosial mediadan səmərəli istifadə haqqında düşüncələrini bölüşüb.

“Landau" nəşriyyatının direktoru Orxan Bəyov, Sumqayıt Dövlət Universiteti Dil və ədəbiyyat kafedrasının baş müəllimi Aynurə Bağırova, Filologiya fakültəsinin dosenti İlahə Vəliyeva və başqa çıxış edənlər mətbuatımızın inkişaf yolundan bəhs edib, media sahəsində müasir tendensiyalardan danışıblar.

Tədbir çərçivəsində Natəvan Dəmirçioğlunun "Açar" romanı və Zaur Cahangirovun natiqlik sənəti ilə bağlı kitabı da təqdim olunub.