Avqustun 2-də Şirvan-Salyan RMİ-nin tabeliyindəki Salyan Dövlət Rəsm Qalereyasında "Çək... Amma bu dəfə fırça ilə" adlı sərgi açılıb.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin dəstəyi ilə təşkil olunan sərgi  Azərbaycan Kinosu Gününə həsr olunub. "Art kino" layihəsi çərçivəsində keçirilən sərginin açılış mərasimində rayon rəsmiləri, mədəniyyət işçiləri, sənətsevərlər iştirak ediblər. 

Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov Azərbaycanda milli kinonun yaranması tarixindən danışıb. Bildirib ki, qalereyada "Art kino" layihəsinə ötən ildən start verilib. İlk ildə qalereyada rəssamlara həsr olunan filmlərin nümayişi baş tutub. Bu il isə layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin 2-ci kurs tələbəsi Rubə Müşfiqlinin ilk fərdi sərgisi təşkil olunub. Bu cür sərgilər həm paytaxt ilə bölgələrin mədəni əlaqələrini gücləndirir, həm də gənc sənət adamlarına stimul verir. 

YAP Salyan rayon təşkilatının rəsmisi Vüqar Ağayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü İman Mustafayev, MİHİ Salyan rayon komitəsinin sədri və başqa çıxış edənlər milli kinonun inkişaf yolundan, kinoda rəssamlığın rolundan söhbət açıblar. Bildirilib ki, belə bir gündə gənc rəssamın fərdi sərgisinin təşkili əlamətdar hadisədir.

Rubə Müşfiqli ona göstərilən diqqətə görə təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, kino və rəssamlığın vəhdəti onun sənətinin əsas qayəsini təşkil edir.

Sərgidə müəllifin 20-dək tablosu nümayiş olunur. "Gün keçdi", "Təhminə", "Ölsəm, bağışla", "Park", "Bəyin oğurlanması" və digər filmləri özündə cəmləşdirən tablolar tamaşaçıları Azərbaycan kinosunu təsviri sənətdə retrospektiv baxışa dəvət edir.

Sərgi avqust ayının sonunadək açıq olacaq.